Akif Qurbanovun həbsdə təhdid olunduğu bildirilir

Akif Qurbanov

III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanovun təhdidə məruz qaldığı deyilir.

Bu barədə iyunun 4-də III Respublika Platformasının bəyanatında bildirilir.

Bəyanata görə, yüksək rütbəli bir dövlət məmuru A.Qurbanovun saxlandığı Bakı İstintaq Təcridxanasına gələrək ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etməsini və dövlət başçısının adını çəkməməsini tələb edib: "Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacağı ilə təhdid edilib".

Bildirilir ki, ToplumTV və Demokratik Təşəbbüslər İnstitutu ilə bağlı həbs edilmiş digər şəxslərə də Qurbanov məhkəmə çıxışlarına davam edərsə, onların vəziyyətinin daha da ağırlaşacağı deyilib: "...Hətta istintaq təcridxanası, cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər".

Bu bəyanata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Akif Qurbanova ailəsi ilə görüş verilmədiyi deyilir

İyunun 1-də III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanova ailə üzləri - valideynləri ilə görüş verilmədiyi bildirilir.

Bu barədə məlumatı iyunun 2-də III Respublika Platforması yayıb. Bildirilib ki, ailəsinin A.Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib: "Ona aparılan kitablar da geri qaytarılıb".

"Akif Qurbanov iyunun 1-də həmçinin telefon ilə ev ilə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib",- məlumatda əlavə edilib.

III Respublika Platforması bunu A.Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal edir: "Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq".

A.Qurbanovun vəkili Şəhla Hümbətova onunla ötən həftədən görüşmədiyini, amma ailəsindən bu barədə eşitdiyini deyib: "Mən yalnız onunla görüşəndən sonra konkret nəsə deyə bilərəm".

A.Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi: "İndi Azərbaycanda Stalin üslubu icra olunur. Necə ki, Stalin direktiv göndərərək "minin belinə, etiraf edincə düşməyin" üslubunu tələb edir, NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) də icra edirdi".

Buna da bax: 'Azərbaycanda Stalin üslubu icra olunur'

Penitensiar Xidmət təkzib edib

Məsələ ilə bağlı Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Həbs edilmiş şəxs Akif Qurbanovun telefon danışıqlarına, görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır".

Xatırlatma

Martın 7-də həbs olunan və evində axtarış aparılan III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov barəsində CM-nin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Amma o, ittihamı qurama, siyasi hesab edir.

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.