3-cü devalvasiya nə vaxt ola bilər

Arxiv fotosu

►“Dövlət qurumları arasında növbəti devalvasiya ilə bağlı razılaşma yoxdur”

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Mərkəzi Bank ya kəskin devalvasiyaya getməlidir, ya da ehtiyatlarının əriməsi ilə barışmalıdır

Azərbaycanda dollar çatışmazlığı yaşanır. Müşahidələr göstərir ki, banklar xarici valyuta satışlarına limit qoyub.

Dolların satışının dayandırılması bankların səlahiyyətlərinə daxil olsa da, önəmli narahatçılıq onların xarici öhdəliklərini necə yerinə yetirməsiylə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 6 milyard manatdan çoxdur.

DNF dollar ehtiyacını qarşılamır

Hazırda bankları dollarla təmin edən əsas qurum Dövlət Neft Fondudur (DNF-dir). Ancaq o da var ki, fondun dollar satışı manatın məzənnəsini qoruya bilmir. Çünki fondun valyuta satışı davam etsə də, maydan bəri manat dollar qarşısında dəyər itirir. DNF ilin əvvəlindən avqustun 22-dək 3 milyard 185 milyon 400 min dollar satıb.

Yaşanan digər problem DNF-nin tələbi qarşılamamasıdır. DNF hərraca 50 milyon dollar təklif edir, tələb isə dəfələrlə çox, hətta 600 milyondan çox olur.

Buna da bax: Bloomberg: “Azərbaycan valyuta böhranı məngənəsində”

Tələbin artacağını palata da gözləyirmiş

İyulun sonuna Mərkəzi Bankın (MB) valyuta ehtiyatları isə 4 milyard 162,9 milyon dollar təşkil edib. Hələlik, MB ehtiyatlarını qorumağa çalışır. Valyutaya tələbin artmasını Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) da gözləyirmiş:

“Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir” (APA).

“Gərəkən dollar ölkənin ixracından gəlməlidir”

Əkrəm Həsənov

Əslində manatı qorumağa gərəkən dollar ölkənin ixracından gəlməlidir. Ancaq bu sahədə də vəziyyət ürəkaçan deyil. Bu ilin 7 ayında Azərbaycanın xarici ticarətində azalma (26.89%) qeydə alınıb. Azalma bütövlükdə idxal (10.46%) və ixrac (38.57%) əməliyyatlarını əhatə edib. Nəticədə 167 milyon 466 min ABŞ dolları dəyərində mənfi saldo yaranıb. Başqa sözlə, ölkəyə gətirilən valyuta buradan çıxandan az olub.

Buna da bax: Ə.Həsənov: 'Kredit qaytarmaq daha da çətinləşəcək'

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, tələbatın artma səbəbi aydındır:

“MB banklara manat kreditləri verib, nəzarət qeyri-qənaətbəxş olduğundan həmin kredit vəsaitinin bir hissəsi yenə də valyuta bazarına axıb”.

“Heç kəs dollarını da satmaq istəmir”

Ekspertin sözlərinə görə, MB-nin 2 yolu var:

“Ya növbəti kəskin devalvasiyaya getməlidir, ya da indiki məzənnə ilə dollar satmalı və ehtiyatlarının əriməsi ilə barışmalıdır. Amma hazırda MB bunların heç birini etmir, sadəcə dollar satmır”.

Onun sözlərinə görə, dövlət qurumları arasında növbəti devalvasiya ilə bağlı razılaşma yoxdur:

“Böyük ehtimalla dövlət qurumları, MB, MBNP, Maliyyə Nazirliyi və DNF arasında hələlik razılıq əldə olunmur. Yəni, devalvasiyaya getmək istəmirlər. Amma dollarını da heç kəs satmaq istəmir. MB yıxır DNF-nin üstünə, fond da baş bankın”.

Bu il martın 11-də bir dollar 1.6456 manatadək bahalaşmışdı. Ardınca manat bahalaşmağa başladı və mayın 25-də bir dollar 1.4900 manat oldu.

Son iki ayda bəzi günləri çıxmaqla manat dollara nisbətdə tədricən ucuzlaşır.