Rusiyada Boris Akunin barəsində qiyabi həbs qərarı çıxarılıb

Boris Akunin

Boris Akunin

Moskvada məhkəmə Rusiyanın tanınmış yazıçısı Boris Akunin (Qriqori Çxartişvili təxəllüsü ilə yazır) barəsində qiyabi həbs orderi çıxarıb. Akunin terrorçuluğa çağırış və Rusiya ordusu barədə saxta informasiya yaymaqda ittiham olunur.

"Çxartişvili barəsində Rusiyada saxlanması, yaxud ekstradisiya anından iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib", - Basman rayon Məhkəməsinin mətbuat xidməti fevralın 6-da bildirib.

"Xarici agent" və sairə...

Ötən ay Rusiyanın Daxili İşlər Nazirliyi Akunini şübhəli kriminal fəaliyyətə görə axtarılanların siyahısına salıb, ancaq konkret ittihamlar göstərilməyib.

67 yaşlı Akunin 2014-cü ildə Rusiyadan çıxıb, hazırda Londonda yaşayır. O, Rusiyanın Ukraynaya qarşı təhriksiz işğalını açıq tənqid edib.

Bu ayın əvvəlində isə Rusiyanın Ədliyyə Nazirliyi Akunini "xarici agent" elan edib, bu cəza siyahısı, əsasən, rejimin tənqidçilərini hədəfə alır.

Ötən ay Rusiyanın "Rosfinmonitorinq" maliyyə nəzarəti xidməti isə Akunini heç bir izahat vermədən terrorçular və ekstremistlər siyahısına əlavə edib. O zaman media yazırdı ki, Akuninə qarşı Rusiya silahlı qüvvələrini gözdən salmaq ittihamları üzrə istintaq başladılıb.

Kitabları və əsərləri hədəfdə

Bu addımdan təxminən bir həftə öncə isə Rusiyanın ən böyük nəşriyyatları, kitab mağazaları Akunini və digər populyar yazıçı Dmitri Bıkovu ukraynapərəst və antirusiya şərhlərinə görə siyahılarından çıxardıqlarını açıqlayıblar.

Oktyabrda Akuninin əsərlərinin səhnələşdirildiyi Rusiya teatrlarının hamısı onun adını afişalardan yığışdırıblar.

Akunin Rusiyanın Ukraynaya qarşı işğalını açıq pisləyən onlarla rusiyalı yazıçıdan biridir. 2022-ci il fevralın 24-də Rusiya hərbi təcavüzə başlayanda o, Facebook-da yazıb ki, Rusiyada "yeni bir dəhşətli era başlanıb": "Son anadək inanmırdım ki, (Rusiya prezidenti Vladimir) Putin bu absurd müharibəyə başlayacaq. Yanılmışam. Həmişə inanmışam ki, sonucda sağlam məntiq qalib gələcək, yanılmışam. Dəlilik qalib gəldi".