Rusiyalı təbliğatçı seçki günlərində Gürcüstanda olub

Aleksandr Malkeviç

Mediada Kremlyönlü fəaliyyəti ilə tanınan rusiyalı təbliğatçı Aleksandr Malkeviç parlament seçkiləri günlərində Tbilisidə olub. Bu bilgi Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) bəyanatında əksini tapıb.

Rusiyalının Gürcüstana gəlişini pisləyən RSF onun orada olmasını dezinformasiya qaynağı kimi dəyərləndirib.

Malkeviç sosial media hesablarında Gürcüstanın ayrı-ayrı yerlərində siyasi tədbirlərə və tarixi məkanlara aid paylaşımlar edib. Mübahisəli fəaliyyətinə görə digər ölkələrə girişi yasaqlanan Malkeviçin Gürcüstana səfəri narahatlıq doğurub.

AzadlıqRadiosunun gürcü xidməti məsələ ilə bağlı şərh almaqdan ötrü Gürcüstan Daxili İşlər Nazirliyinə üz tutub.

RSF-nin son araşdırmalarından birinə görə, Ukraynanın işğal olunmuş Donbas bölgəsi də daxil, bir sıra yerlərdə media layihələrini gerçəkləşdirmək üçün Malkeviçin geniş resursları var.

Xatırlatma

Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" seçkidə səslərin 54 faizini toplayıb. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz səs topladığını bildirib. Üstəlik, həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.