İnam Kərimov Ali Məhkəmənin sədri oldu

İnam Kərimov

İnam Kərimov Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilib. Bu barədə bu gün, aprelin 4-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident bundan əvvəl isə başqa bir sərəncamla onu kənd təsərrüfatı naziri vəzifəsindən azad edib.

Hələlik, həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərova həvalə edilib.

İ.Kərimovdan əvvəl Ali Məhkəmənin sədri vəzifəsini 2005-ci ildən Ramiz Rzayev tuturdu.

İnam Kərimov haqqında

İ.Kərimov 1977-ci ildə Bakıda doğulub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

İ.Kərimov 2002-2004-cü illərdə Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi olub.

2012-ci ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

2018-ci ildən kənd təsərrüfatı naziri vəzifəsini tuturdu.

İnam Kərimov Ali Məhkəmənin hakimi oldu

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin yeni hakimi olub.

Milli Məclisin bu gün, aprelin 4-də keçirilən iclasında "İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.