Ali Məhkəmənin yeni sədri İnam Kərimov "Femida Dialoq Platforması" layihəsinə start verildiyini bildirib. Layihə çərçivəsində aprelin 20-də Vəkillər Kollegiyası üzvləri ilə baş tutmuş görüşdə Kərimov deyib ki, məhkəmələrin müasir tələblərlə uyğun qurulması, idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. O bildirib ki, məqsəd vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, problemlərin həlli və bu sahədə aparılan islahatlara dəstək verməkdir.
Hələ 2019-cu ilin aprelində Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
"Mühüm işlər görülüb"
Ali Məhkəmədən bildirilib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub. Vurğulanıb ki, aparılan islahatlar nəticəsində məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib: "Artıq vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb. Hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub".
Ali Məhkəmədən də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" prezident fərmanının üzərində durulub: "Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir".
"Əvvəlcə siyasi, daha sonra hüquqi iradə…"
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, qanunvericilik səviyyəsində, institusional hədlərdə islahatlar labüddür: "Xüsusilə, məhkəmə hakimiyyətindəki acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün əvvəlcə siyasi, daha sonra hüquqi iradə sərgilənməlidir. Bu mənada Ali Məhkəmənin yeni sədri İnam Kərimovun təşəbbüsünü- "Femida Dialoq Platforması"nı alqışlayıram".
Kərimovun ilk olaraq vəkillərlə görüşdüyünü söyləyən hüquq müdafiəçisinin sözlərinə görə, həmin görüşdə vəkillərlə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb, məhkəmələrdəki vəziyyətin müsbətə doğru dəyişməsi üçün rəy və mülahizələr səsləndirilib: "Sonrakı mərhələdə bənzər dialoqun hüquq müdafiəçiləri ilə də baş tutması gözlənilir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Səfərov "Femida Dialoq Platforması"nın imitasiya xarakteri daşımayacağına, məhkəmələrin icra hakimiyyətindən asılılığına hüquqi zərbə vuracağına ümid etdiyini bildirib: "Bu, Prezident İlham Əliyevin sədr İnam Kərimova tanıdığı real imkan, səlahiyyət və şəraitdən asılı olacaq. Hələ dörd il qabaq dövlət başçısı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalamışdı. Həmin fərman öz məqsədlərinə nail olmayıb".
Onun fikrincə, sistem islahatlarına rəvac verilməyincə ayrı-ayrı bilikli, təcrübəli kadrların çabalarının həlledici nəticəsi olmayacaq.
"Kosmetik dəyişiklik olacaq"
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə bildirib ki, Azərbaycanda yeni kadr dəyişikliyini hər zaman islahatın başlanğıcı kimi təqdim edirlər: "Əslində isə gerçək islahat həyata keçirilən proseslərlə başlamalıdır. Hətta kadr dəyişiklikləri olursa da, islahat paketi elan edilirsə də, ilk növbədə onunla bağlı addımlar atılmalıdır, sonra isə görüşlər keçirilməlidir, əməkdaşlıq üçün addımlar atılmalıdır".
O xatırladıb ki, məhkəmə islahatı ilə bağlı prezidentin bir neçə fərmanı var: "O istiqamətdə addımlar atılmalıdır. Zatən problemlər məlumdur. Məhkəmələr müstəqil deyil, hətta elektron sistemləri doğru-dürüst işləmir".
Süleymanlı vurğulayıb ki, yeni platformadan pozitiv gözləntisi yoxdur: "Necə digər sahələrdə həmişə olursa, bu sahədə də kosmetik bir dəyişiklik olacaq və bu görüşlər o xarakteri daşıyır. Fundamental məsələlərlə bağlı hansısa işlərin görüləcəyinə inanmıram. Yəni, məhkəmələrin müstəqil qərarlar verməsi sahəsində ciddi dəyişikliklər edilməlidir, amma yaxın müddətdə bunun olacağına inanmıram".