Ölkədə elektrik enerjisi təminatı, tələbələrin kirayə ev qayğıları, ali məktəblərə qəbul olunub ondan imtina halları və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...
Tələbələrin ev qayğıları
“Yenisabah.az” saytı-nda “Hansı universitetin tələbələri daha çox kirayə ödəməli olacaq?-araşdırma” sərlövhəli yazı diqqət çəkir.
Yazıda bildirilir ki, yeni tədris ilinə bir neçə gün qaldığından tələbələrin paytaxta axını müşahidə olunur. Müəllifin qeyd etməsinə görə, tələbələrin çoxu avqust ayından kirayə ev axtarışına çıxırlar:
“ Ancaq kirayə evlərin bahalılığı və şəraitsizliyi səbəbilə ev tapmaq işi dərslərin başladığı günə qədər uzana bilir. Ötən illərdə də müşahidə etdiyimiz kimi avqustun sonu, sentyabrın əvəllərində ev sahibləri qiymətləri artırırlar. Evlər baha olduğu üçün tələbələrin əksəriyyəti birləşərək bir evi kirayələyirlər. Bəs bu il qiymətlər necədir? Azərbaycanda bir tələbə nə qədər kirayə pulu verəcək?”.
Buna da bax: "Tələbərin 70 faizindən çoxu pullu təhsil alır"Müəllifin qeyd etməsinə görə, sadalanan suallara cavab tapmaqdan ötrü ilk öncə Bakı Dövlət Universiteti ilə yanaşı bir çox ali təhsil ocağının da yerləşdiyi metronun “ Elmlər Akademiyasi” stansiyası yaxınlığındakı evlərin qiyməti ilə maraqlanıb:
“Demək olar ki, bütün 1 otaqlı evlər 350 manata, 2 otaqlılar 450-500 manata, 3 otaqlı evlər isə 500 manat və daha baha qiymətə kirayə verilir”
Yazıda bildirilib ki, Azərbaycan Neft və Sənayə Universitetinin yerləşdiyi metronun “28 may” stansiyası ətrafındakı evlərin də qiyməti təqribən eynidir:
“1 otaqlı - 350 manat, 2 otaqlı - 500-550 manat,3 otaqlı evlər isə 600 və daha yuxarı qiymətə kirayə verilir”.
3 ildir tələbə həyatı yaşayan Nuriyə Əzizova sayta deyib ki, onun hazırda yaşadığı ev metrodan xeyli uzaq məsafədədir:
“İndi evlər çox baha olduğu üçün tələbələrin əksəriyyəti uzaq yerlərdə yaşamalı olur. Bu il də ev sahibləri tələbələrin axınından sui-istifadə edib qiymətləri artırıblar. Mən hazırda həyət evində yaşayıram, 90 AZN ödəyirəm. Amma şəraitdən heç razı deyiləm. Evimiz otaqlara bölünsə də, təxminən bir həyətin içində 10 nəfərə yaxın adam yaşayır”.
“Ali təhsildən imtina etdilər”
“Moderin.az” saytı-nda “Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR” sərlövhəli yazı oxumaq olar.
Yazıda qeyd edilib ki, bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Müəllifin qeyd etməsinə görə, heç şübhəsiz ki, bu ildə hansısa səbbələrdən qəbul olunduğu məktəbdən imtina edən gənclər olub.
Sayt ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən – başqa sözlə ali təhsildən imtina edən - tələbələrin sayını öyrənməkdən ötrü univeritetlərlə əlaqə saxlayıb.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova:
“2019/2020 ci tədris ilində BDU-ya 5218 nəfər qəbul olunub. 5128 nəfər qeydiyyatdan keçib, lakin 90 nəfər qeydiyyatdan keçməyib. Tələbələrin qeydiyyatdan keçməməsinin əsas səbəblərindən biri onların xaricdə oxumaq fikri əsas rol oynayır”.
Buna da bax: İstedadlı xarici tələbələr təhsildən sonra iki il Britaniyada qala biləcəkAzərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı isə deyib ki, bu il onlarda bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulub:
“Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95 faiz yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91 faiz təşkil edirdi...Bu il qeydiyyatdan keçməyən 10 tələbə olub. Bunun da müxtəlif səbəbləri var. Məsələn, abituriyent qəbul olunur, amma fikrini dəyişir, təhsilini xaricdə davam etdirmək istəyir. Yaxud ailənin ödənişi etmək imkanı olmur. Digər səbəb kimi isə abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini də göstərmək olar”.
Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidməti-ndən bildirildiyinə görə, bu il onlarda 53 nəfər tələbə qeydiyyatdan keçməyib. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti-ndən isə bunlar deyilib:
“Bu il Dövlət İqtisad Universitetinə 3338 nəfər qəbul olunub və 3273 nəfər qeydiyyatdan keçib. 65 nəfər qəbul olunsa da, qeydiyyatdan keçməyib ”.
İdaxladan ixracatçıya
“Azərbaycan” qəzeti-ndə isə “Azərbaycan elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib” sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, müstəqilliyin bərpasından sonra Azərbaycanda müxtəlif sahələr üzrə nəhəng infrastruktur layihələri icra edilib.Yazıda vurğulandığına görə, enerji təhlükəsizliyinə nail olmaq və əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə bu sektorda da bir çox layihə həyata keçirilib:
“ Məqsədə çatmaq üçün ötən dövr ərzində ölkə üzrə 31 yeni elektrik stansiyası inşa olunub ki, bunun da sayəsində 2500 meqavatlıq yeni güc yaranıb.İri su elektrik stansiyaları ilə yanaşı, bölgələrdə kiçik çaylar üzərində də elektrik stansiyaları inşa edilib. Həmin obyektlər bölgədə elektrik enerjisinin təminatını yaxşılaşdırmaqla bərabər torpaqların suvarılmasına da töhfə verir”.
Yazıda qeyd edildiyinə görə, başqa sahələrlə yanaşı, Azərbaycanda elektrik enerjisinin gücünün artırılması, dayanıqlığının təmin olunaraq ölkənin hər bir guşəsinə çatdırılması üçün mükəmməl infrastruktur yaradılıb:
“ Bunun nəticəsidir ki, indi biz özümüzü elektrik enerjisi ilə tam təmin etməklə bərabər onu həm də böyük həcmdə ixrac edirik. Təkcə ötən il enerji ixracından 10 milyon dollar vəsait əldə olunub”.
Müəllif daha sonra da bu il sentyabrın 5-də Bakıda "Şimal-2” Elektrik Stansiyası-nın istismara verilməsindən və bu mərasimdə dövlət başçısının iştirak etməsindən bəhs edir. Yazıda vurğulanıb ki, ölkədə yeni müəssisələrin yaradılması, iqtisadiyyatın inkişafı enerjiyə tələbatı ildən-ilə artırır:
“ Artan tələbatın ödənilməsi üçün köhnə elektrik stansiyalarının modernləşdirilərək onların gücünün artırılması və yeni stansiyaların inşa edilməsi tələb olunur. "Şimal-2” stansiyasının da tikilməsində məqsəd ölkənin elektrik enerjisində yaranan tələbatın ödənilməsinə nail olmaqdır”.