Bu il tələbə adı qazananların sayı artıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?

Bu il Azərbaycanda tələbə adı qazananların sayı artıb.

Dövlət İmtahan Mərkəzi (DM) sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Bu gün, sentyabrın 6-da isə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

"Müsabiqənin nəticələrinə əsasən, 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib",-qurum qeyd edib.

Dövlət sifarişi ilə oxuyanların da sayında artım var

DİM bildirir ki, qeyd olunan rəqəmlər ötən ilin eyni məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə edilsə, bu il tələbə adını qazananların sayının daha da artdığı bəlli olacaq: "Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1057 nəfər çoxdur. Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur".

Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilərin bir qədər də yüksələcəyi gözlənir: "I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb".

Qurum xatırladır ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 7-dən 20-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər: "Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".

Xatırlatma

Son illər Azərbaycanda ali məktəblərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələ buraxılış (maksimum 300 bal), ikinci mərhələ isə ( maksimum 400 bal) qəbul imtahanından ibarətdir. Yaxın illərə qədər ali məktəblərdə ödənişli yerlər təqribən 70 faiz təşkil edirdi. Amma son illər bir sıra tənqidlərdən sonra dövlət sifarişi ilə təhsilin faizi bir qədər artıb.