Moskvada ali təhsilini yarımçıq qoyub Suriyaya gedən azərbaycanlı məhkəməyə deyib ki…

Suriyada ən-Nüsra döyüşçülərindən bir dəstə

Qeyri-rəsmi məlumatlara görə, indiyədək 200-dən artıq azərbaycanlı Pakistan və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyünə görə cinayət məsuliyyətinə cəlb olunub. Bu əməldə ittiham edilən daha bir azərbaycanlı gəncin mühakiməsi başlayıb.

İlham Quliyev 7 il öncə ali təhsilini yarımçıq qoyub, Suriyaya gedib. O, həmin vaxt Moskvada nüfuzlu təhsil ocaqlarından sayılan Xalqlar Dostluğu Universitetində oxuyurmuş. Həmin əmələ görə indi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Azərbaycan vətəndaşı olan İlham Quliyevi ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həbs ediblər.

Cinayət işinin materiallarında yazılıb ki, Rusiyada təhsil alarkən Türkiyəyə, oradan da qanunsuz yolla Suriyaya gedib. İddia olunur ki, Suriyada “Ən-Nüsra Cəbhəsi” təşkilatına qoşulub, azərbaycanlılardan ibarət silahlı qruplaşmanın tərkibində döyüşlərə qatılıb. 2019-cu ildə Suriyadan Türkiyəyə qayıdıb. Oradan da Azərbaycana deportasiya edilib.

İlham Quliyevə CM-in 218.2 (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham verilib.

Buna da bax: Suriyaya gedən azərbaycanlılar danışır: 'Dedi ki, sən ölsən, savabdır...'

Dini dərindən öyrənmək istəyi üstün gəlib

Amma o, özünü qətiyyən təqsirli bilmir. Martın 5-də öz məhkəməsində ifadə verəndə də deyib ki, Suriyaya döyüşməyə yox, dini təhsil almağa getmişdi. Onun sözlərinə görə, Moskvada ali təhsilini davam etdirərkən dinə marağı yaranıb. Deyir ki, dini daha yaxından öyrənmək istəyib və bu məqsədlə də Suriyaya getmək qərarına gəlib. Ancaq Suriyada vəziyyətin gərgin olduğunu görəndən sonra Türkiyəyə qayıdıb.

Məhkəmədə İlham Quliyevdən soruşulub ki, dini təhsil üçün niyə məhz Suriyanı seçib? O cavabında bildirib ki, öncə Misirə getməyi planlaşdırıb. Lakin Suriyanın daha yaxın və rahat olduğunu düşünüb, buna görə də ora gedib.

Quliyev Moskvada Xalqlar Dostluğu Universitetindəki təhsilini yarımçıq saxlayıb getməsi, bir müddət sonra universitetdən xaric olunmasından da danışıb.

Hakimlər xatırladıblar ki, bu universitetə qəbul asan məsələ deyil. Belə bir universiteti qazandığı halda, onu yarımçıq qoyub Suriyaya getməsi təəccüblü görünüb. İlham Quliyev təkrar edib ki, dini dərindən öyrənmək istəyi üstün gəlib.

Bu zaman ona həbs olunarkən verdiyi ilkin ifadəni xatırladıblar. Sözügedən ifadəsində o, Suriyaya cihad məqsədiylə getdiyini göstərib. Orada azərbaycanlılardan ibarət qruplaşmaya qoşulması, 3 aydan artıq hərbi təlim keçməsi, daha sonra döyüşlərdə iştirakı barədə etiraflar yer alıb.

İş materiallarında yazılı ifadədən başqa, İlham Quliyevin bu fikirləri səsləndirdiyi videogörüntülər də var.

İlham Quliyev ziddiyyəti belə izah edib: “Ora (DTX-red.) başqadır. Siz də bilirsiniz orada necə olur...”

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

İlham Quliyevin ittiham olunduğu CM-in 218.2 maddəsində 6 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.