“Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb ”
Bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.
Onun qeyd etməsinə görə, altı ayın yekunları göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb:
“Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.
Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) + qrupunun razılaşmasının yerinə yetirilməsidir.
Dövlət başçısı habelə bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedib. Onun deməsinə görə, bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalsın.
Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən Prezident İlham Əliyev əlavə edib:
“Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. ”
Prezident qeyd edib ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir:
“Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur...”
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Zəngilan və Kəlbəcər rayonları daxil. Zəngilan rayonunda Vejnəli, Kəlbəcər rayonunda isə Zod qızıl yatağının mövcud olduğu bildirilir) nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.