İlham Əliyev Fransa prezidenti ilə görüşüb

İlham Əliyev (solda) iyulun 20-də Fransa prezidenti Emmanuel Macron-la görüşüb

Fransada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa prezidenti Emmanuel Macron-la görüşüb.

Bu haqda Azərbaycan prezidentinin rəsmi internet səhifəsi məlumat yayıb.

Görüşün detalları haqda hələlik rəsmi məlumat verilmir.

İki ölkə arasında suyun təmizlənməsi, aviasiya və kosmos sahələrini əhatə edən sənədlərin imzalandığı bildirilir.

İlham Əliyev iyulun 19-dan Fransada səfərdədir. Rəsmi məlumata görə, səfər Fransa prezidenti Emmanuel Macron-un dəvəti ilə gerçəkləşib.

İlham Əliyev iyulun 19-dan Parisdə bir sıra dövlət rəsmiləri və bəzi şirkət rəhbərləri ilə görüşlər keçirib.

İlham Əliyevin səfərindən əvvəl bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri, Sərhədsiz Reportyorlar Təşkilatı Fransa prezidentinə müraciət edərək azərbaycanlı həmkarı ilə görüşdə Azərbaycandakı insan hüquqları probleminə, siyasi məhbus məsələsinə diqqət yetirməsini istəmişdilər.