Alkoqollu içkilərə aksiz iki dəfə artırılır

Aksiz

«Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq».

APA-nın xəbərinə görə, bunu noyabrın 7-si Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin bildirməsinə görə, aksiz dərəcələrinin iki dəfəyə qədər artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur.

«Bununla bağlı Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik prezidentə təqdim olunub. Müəyyən aidiyyəti qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq», - deyə nazir vurğulayıb.

S.Şərifov deyib ki, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək.

Nazir əlavə edib ki, aksiz dərəcəsinin iki dəfəyə qədər artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.

Bir müddət öncə Dövlət Gömrük Komitəsinin rəhbərliyi də bəyan etmişdi ki, alkoqollu içkilərin, tütün məmulatlarının və daha bəzi malların aksiz dərəcəsi artırılacaq. Ekspertlər bundan sonra alkoqollu içkilərin və siqaretin qiymətlərinin bahalaşacağını istisna etmirlər.