Almaniyadan deportasiya olunan siyasi fəalın həbs cəzası azaldıldı

Cəfər Mirzəyev etiraz aksiyasında

Readmissiya qaydasında Almaniyadan deportasiya olunandan az sonra narkotik ittihamı ilə həbs olunan siyasi fəal Cəfər Mirzəyevə Bakı Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi 6 illik həbs cəzası azaldılıb. Martın 16-da Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib. Hərçənd, özü və vəkili bu nəticədən də narazı qalıb və Ali Məhkəməyə şikayət vermək niyyətindədirlər.

Martın 16-da apellyasiya məhkəməsində qərar elan olunmamışdan öncə Mirzəyev özü, ardınca da vəkili Nemət Kərimli çıxış edib.

Buna da bax: Avropadan deport edilən: 'Qışda Kürdəxanı soyuq olur'

"Bunu siz hakimlər də yaxşı bilirsiniz"

Mirzəyev deyir ki, Almaniyada siyasi mühacir kimi yaşadığı dövrdə Azərbaycandakı siyasi məhbuslar, insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak edib. Onun sözlərinə görə, həm bu aksiyalarda iştirakının, həm də sosial şəbəkələrdəki tənqidi paylaşımlarının qisasını almaq məqsədilə narkotiklə şərlənib: "Mənim narkotiklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Bunu məni tutanlar da, siz hakimlər də yaxşı bilirsiniz. Elə ona görə də məni narkotik satışında ittiham edən adamlar gedib yaşadığım evə baxış keçirmədilər. Bilirdilər ki, orada narkotik ola bilməz".

Saxlandıqdan sonra işgəncəyə məruz qaldığını, bu üzdən etiraf ifadəsinə imza atdığını deyən Mirzəyev təqsirsiz olduğunu vurğulayıb, bəraət hökmü çıxarılmasını istəyib.

Buna da bax: Almaniyadan qaytarılandan sonra həbs edilmişdi, azadlığa çıxıb

Vəkili də onun təqsirini təsdiqləyəcək heç bir mötəbər sübut olmadığını bildirib, Mirzəyev barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Amma Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra birinci instansiya məhkəməsinin təyin etdiyi 6 illik cəzanın sadəcə 1 il azaldıldığını elan edib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Xatırlatma

Mirzəyev siyasi mühacir kimi Almaniyada oturum izni almaq istəsə də, 2021-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb və yanvarın 27-də Bakıda həbs olunub.

Son ilyarım ərzində Azərbaycanda Almaniyadan deportasiya olunanlardan altı nəfər həbs olunub. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə ölkəyə qayıdandan dərhal sonra şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi isə Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaları əsassız sayır. "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil, məsuliyyətdən yayınmaq məqsədi daşıyır", - nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna belə deyib.