Azərbaycana qaytarılandan sonra həbs olunan şəxslərin yaxınları etiraz edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

Almaniyadan readmissiya sazişi əsasında Azərbaycana qaytarılan, amma bir qədər sonra həbs olunan şəxslərin yaxınları bu gün, mayın 31-də Bakıda aksiya keçiriblər. Onlar Almaniyanın Azərbaycandakı səfirliyinin önünə toplaşaraq şikayətlərini ifadə ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, Almaniyadan Azərbaycana göndərilən şəxslərdən son bir ildə altısı həbs olunub. Onlar həmin şəxslərin ədalətli və açıq məhkəmələrinin keçirilməsini tələb ediblər. Habelə, səfirliyin bu məsələlərə daha çox diqqət ayırmasını istədiklərini vurğulayıblar.

Narkotikdə ittiham edilən AXCP üzvü Pünhan Kərimlinin atası bildirib ki, məhkəmə prosesi faktiki olaraq qapalı keçirilir: "Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdim. Dedilər rəsmi müraciət edin. Rəsmi müraciət etsəm də nə olacaq ki? Sifariş həmin sifariş olacaq. Oğlumu Vergilər Departamentindən çıxanda silah adı ilə həbs ediblər, sonra isə silah yəqin əriyib narkotik olub".

Aksiya iştirakçıları vurğulayıblar ki, Almaniyadan qaytarılaraq həbs edilən altı nəfərdən dördünə narkotik ittihami verilib.

Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb, bəyanat mətni yazılmış kağız və plakatlar onların əlindən alınıb. Aksiya zamanı saxlanan olmayıb.

Aksiyaya, hələlik, Azərbaycanın rəsmi qurumlarından və Almaniya səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu vaxta qədər Almaniyadan gətirilib Azərbaycanda həbs edilənlərin şərlənməsi ilə bağlı ayrı-ayrı işlər üzrə deyilənləri Daxili İşlər Nazirliyindən təkzib ediblər.

Son illər "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişə əsasən yüzlərcə mühacir Avropa ölkələrindən Azərbaycana qaytarılıb. Onların çox hissəsi Almaniyadan qaytarılanlar olub.