Almaniya Gürcüstandan rəsmi şəxslərə əlavə qadağalar tətbiq edir

Gürcüstan/Almaniya

Gürcüstan/Almaniya

Almaniyanın xarici işlər nazirliyi Gürcüstan rəhbərliyinə münasibətdə əlavə sanksiyaların tətbiq olunduğunu bildirib. Qurum X şəbəkəsində yazıb: "Üç aydır Gürcüstan xalqı Aİ-də gələcək uğrunda ölkə rəhbərliyinə qarşı etiraz edir. Onlar qorxutma, həbslər, zorakılıqla üzləşirlər. Bu gün Almaniya repressiyalara görə məsuliyyət daşıyan rəsmi şəxslərin ölkəyə girişinə əlavə sanksiyalar tətbiq edib".

Sanksiya siyahısına konkret kimin salındığı haqda bilgi verilmir.

Almaniya XİN ötən ilin dekabrında Gürcüstanda etirazçılara və müxalifət təmsilçilərinə qarşı zorakılığa görə məsuliyyət daşıyanlara sanksiyalar açıqlayıb. "Formula" telekanalının məlumatına görə, sanksiya siyahısına DİN, xüsusi təyinatlıların rəhbərləri, parlamentin deputatı Dito Samxaradze salınıb.

Bundan başqa, Almaniyanın Federal Təhsil və Təhqiqatlar Nazirliyi "Gürcüstanda akademik azadlığın məhdudlaşdırılması, Aİ-yə qoşulma prosesinin dayandırılması" səbəbindən Tbilisi ilə əməkdaşlığı dayandırıb.