Almaniyadan qaytarılan cəbhəçinin həbs edildiyi deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropadakı siyasi mühacirlər axtarışa verildi (Video arxiv)

Almaniyadan qaytarılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucovun barəsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 284.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Habelə bildirildiyinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Partiyadan qeyd olunub ki, həbsin səbəbi onun siyasi fəaliyyəti ilə bağlıdır.

Mütəllim Orucov bu ilin iyunun 1-də Almaniyadan readmissiya (geri qaytarılma) edilib.

AXCP-nin bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri təkzib edirlər.

Almaniyadan qaytarılan fəaldan yaxınları xəbər tuta bilmir

Bir neçə ay əvvəl Almaniyadan deportasiya edilən şəxslərin hüquq-mühafizə orqanlarında dindirildiyi və bəzilərinin saxlandığı bildirilir.

İyunun 1-də Almaniyadan qaytarılan fəal Mütəllim Orucovun oğlu Elvin Orucovun sözlərinə görə, oktyabrın 23-də atasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəvət edib: "Saat 11:30-da gedib və bundan sonra barəsində heç bir xəbər ala bilmirik".

M.Orucovun bir həftə öncə isə Quba Rayon Polis Şöbəsinə çağırıldığı deyilir.

Məsələ ilə bağlı, hələlik, nə DTX, nə Daxili İşlər Nazirliyi, nə də Almaniyanın Azərbaycandakı səfirliyi ilə danışmaq mümkün olub.

İyunun sonlarında Almaniyadan deportasiya olunan daha bir fəalın da bu gün, oktyabrın 26-da saxlanıldığı deyilir. Amma həmin məlumatı, hələlik, rəsmi qurumlar təsdiqləməyiblər.

Saxlananların Almaniyada Azərbaycan hökumətinə qarşı aksiyalarda iştirak etdiyi bildirilir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir.