Almaniya dağıstanlı Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

Almaniya polisi Magomed-Ali C adlı şübhəlini məhkəmədən sonra helikopterə oturdur

Almaniya prokurorları Rusiya vətəndaşına qarşı Almaniyada bomba hücumu hazırlamaq ittihamı irəli sürüblər.

Federal prokurorlar martın 5-də deyiblər ki, adı yalnız Magomed-Ali C. kimi verilən şəxsə qarşı ittiham Berlin məhkəməsində verilib.

İttihamnamədə deyilir ki, bu şəxs Almaniyada zorakılıq aktı və bomba partlayışı törətməyi planlaşdırmaqda günahlandırılır.

İttihamnamədə bu da bildirilir ki, Magomed-Ali C. 2016-cı ilin oktyabrında özünün Berlindəki mənzilində TATP partlayıcısını yerləşdirib.

Almaniyanın Zeit Online internet portalının yazdığına görə əslən Dağıstan Respublikasından olan Rusiya vətəndaşı 2018-ci ilin avqustunda həbs edilib və ona qarşı rəsmi ittiham fevralın 25-də təqdim olunub.

Prokurorlar bildirirlər ki, şübhəli Almaniyada sözü gedən hücumu Fransa vətəndaşı Clement Baurla birlikdə hazırlayırmış. Baur başqa bir iş üzrə 2017-ci ildə Marseldə həbs edilib.

Prokurorluqdan bu da xəbər verilir ki, bu iki şəxs 2016-cı ilin dekabrında Berlindəki Milad yarmarkasına hücum etmiş tunisli Anis Amri ilə əlaqədə olublar, hərçənd onun planları barədə məlumata malik deyildilər.

Hücum yerindən qaçan Amri sonradan İtaliyada polis tərəfindən öldürülüb.

12 nəfərin həlak olduğu bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlı ekstremist təşkilat götürmüşdü.