Almaniyada kimyəvi hücum planlaşdırma ittihamıyla iki iranlı qardaş saxlanıb

İlusturativ foto

Yerli mətbuatın yazdığına görə, hadisə ilə bağlı saxlanan şəxs radikal dini cərəyana mənsub olan 32 yaşlı İran vətəndaşıdır

Almaniya zəhərli maddələrlə hücum planlaşdırmaq ittihamıyla iki iranlı qardaş saxlanıb. 32 və 25 yaşlı qardaşların sianid və risindən istifadə etməklə “qeyri-müəyyən sayda adam öldürməyi” planlaşdırdığı bildirilir. Prokurorluq yanvarın 8-də bu haqda bəyanat yayıb.

Adları açıqlanmayın qardaşların islamçı ekstremizmdən ruhlandığı qeyd edilir. Adı çəkilməyən təhlükəsizlik əməkdaşı “dpa” agentliyinə deyib ki, qardaşlar, çox güman, İran dövləti adından hərəkət etməyiblər.

+++

Almaniya polisi yanvarın 8-də genişmiqyaslı terror aktı hazırlamaqda ittiham olunan Şimali Reyn-Vestfaliya sakininin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanan şəxs sianid və risindən istifadə etməklə kütləvi zəhərlənmə planlaşdırımış. Risin kimyəvi maddəsi bioloji silah kimi təsnif edilir.

Buna da bax: Almaniyada dövlət çevrilişi cəhdində şübhəli bilinənlər saxlanıb

Şübhəlinin adı açıqlanmasa da onun Almaniyanın qərbindəki Castrop-Rauxel kiçik qəsəbəsində yaşayan radikal dini cərəyana mənsub olan 32 yaşlı Iran vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, polis onunla birlikdə mənzildə olan digər şəxsi də saxlayıb.

"Bild" qəzetinin yazdığına görə, Federal Cinayət İdarəsi şübhəlini bir neçə gün nəzarətdə saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

Deutsche Welle radiosu ("Alman Dalğası") dörd il əvvəl Kölndə mənzildə risin maddəsi hazırlayan bir tunisli və onun alman həyat yoldaşının saxlandığını xatırladır. Qeyd olunur ki, mütəxəsislər cütlüyün hazırladığı risin maddəsinin 13 mindən çox insanın ölümünə səbəb ola biləcəyini deyiblər.