Almatı görüşünün tarixi açıqlanıb

Ceyhun Bayramov və Ararat Mirzoyan

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.

Bir müddət öncə Azərbaycan və Ermənistan rəsmiləri belə bir görüşün keçirilməsinə razılıq verildiyini bildirmiş, lakin onun tarixinin, hələlik, bəlli olmadığı vurğulanmışdı.

Son illər bu iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Üstəlik, ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda iki ölkə arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı, üstəlik, ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olub.