XİN: 'Tərəflər... danışıqları davam etdirməyə razılaşıblar'

Ermənistan və Azərbaycanın xarici işlər naziri Ararat Mirzoyan və Ceyhun Bayramov danışıqlar aparmaq üçün Almatıya gəliblər. Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu onları qarşılayıb.

Mayın 11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında bir gün əvvəl başlayan danışıqlar davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

Habelə bildirilir ki, iki gün sürən danışıqlarda onlar sülh sazişi layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər: "Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar".

Bu görüş iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi fonunda gerçəkləşib. Bu həftənin əvvəlində bildirilmişdi ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Hər iki ölkənin bununla bağlı komissiyaları bundan əvvəl bütün sərhədin 1991-ci il Almatı Bəyannaməsi bazasında delimitasiya olunacağına dair razılaşma əldə edildiyini açıqlayıblar. Azərbaycan ilkin razılaşmaya görə, nəzarətində olmayan dörd kəndinin ona qaytarılacağını bildirib. Yerevandan isə deyilib ki, həmin kəndlərdən birinin ərazisi tam, digərinin isə qismən onsuz da buna qədər Azərbaycanın nəzarətində idi. Azərbaycan ümumilikdə səkkiz kəndinin işğalda olduğunu deyirdi. Ermənistan isə hələ də 31 kəndinin ərazilərinin işğalda olduğunu bildirir. Amma rəsmi Bakı indiyə kimi bunu təsdiqləməyib.

***

Mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü keçirilib.

Görüş ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu gerçəkləşəcək.

Daha əvvəl isə Ermənistan Xarici İşlər Nazirliyindən yerli mediaya bildirilmişdi ki, bu görüşün gündəliyinə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda bu formatda onların arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.