Almatıda hosteldə yanğında 13 nəfər ölüb

Almatı hosteli

Qazaxıstanın ən böyük şəhəri Almatının mərkəzində yerləşən hosteldə yanğın baş verib, 13 nəfər həlak olub.

Almatı polisinin məlumatına görə, qurbanların doqquzu Qazaxıstan vətəndaşları, dördü əcnəbilərdir. Əcnəbilərin ikisi rusiyalı, ikisi Özbəkistan vətəndaşıdır.

Üçmərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində yerləşən hosteldə çoxu əcnəbi olmaqla 72 nəfər qalırmış. 59 nəfər yanğından xilas ola bilib.

Rəsmi orqanların ölümlərin səbəbi kimi dəm qazından zəhərlənməni göstərir. Yanğının səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.

Almatı meri Yerbolat Dosayev deyib ki, Səhiyyə Nazirliyinin qaydalarına görə, qonaqların zirzəmilərdə yerləşdirilməsi qadağandır. Zirzəmiləri yalnız anbara və mətbəxə çevirmək olar.

"Orada, əsasən, qazaxlar yaşayırdı"

Ayyarım öncə açıldığı bildirilən hostel fəaliyyət lisenziyası almayıbmış. Bunu Almatı Fövqəladə Hallar Departamenti bildirib. Hosteldə yanğın siqnalizasiyası olub və hadisə vaxtı işə düşüb. Amma binada məcburi yanğınsöndürmə avadanlığı olmayıb.

Hosteldə qalan, cənubi Jambıl vilayətindən olan bir qazax insidenti "Tengrinews" xəbər portalına təsvir edib: "Yanğın başlayanda siqnalizasiya işə düşdü, hər tərəf tüstü idi. Hamı otaqlara girib o biriləri oyatmağa başladı. Hər kəs küçəyə qaçırdı, amma mən yanğını əslində görmədim. Birinci mərtəbədə yeddi otaq vardı, hərəsində də yeddi nəfər. Orada, əsasən, qazaxlar yaşayırdı".

1.8 milyon əhalisi olan Almatı 1997-ci ilədək Qazaxıstanın paytaxtı olub. Bu şəhər Orta Asiyanın əsas ticarət və mədəniyyət mərkəzi olaraq qalır.