Alpakanın durumu nazirliyi hərəkətə gətirdi

"Zoobulvar"da alpaka

Əyləncə mərkəzində çəkilən alpakanın fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyini hərəkətə gətirib.

Nazirlik əməkdaşları "Zoobulvar" əyləncə mərkəzinə baxış keçiriblər. Bununla bağlı qurum bu gün, avqustun 25-də məlumat yayıb.

Məlumatda qeyd edilir ki, "Zoobulvar" əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları yerində araşdırıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı onun saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub.

"Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib", - məlumatda yazılıb.

V.Cavadov məsələnin nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.

Bu məlumata, hələlik, "Zoobulvar" əyləncə mərkəzindən münasibət almaq mümkün olmayıb.

Alpaka, əsasən, otla qidalanır. Daha çox Cənubu Amerikanin dağlıq ərazilərində yaşayır. Onların xüsusilə Peruda geniş yayıldığı bildirilir. Alpakanın sənayedə yunundan istifadə edilir.

Xatırlatma

Bu yaxın illərə qədər Azərbaycanın əyləncə mərkəzləri və restoranlarda ayı, maral, ceyran kimi heyvanların saxlanması hallarına tez-tez rast gəlindiyi bildirilirdi. Bütün bunlarla bağlı sosial şəbəkələrdə ayrı-ayrı vaxtlarda foto və videolar da yayılıb. Hətta bir neçə dəfə rəsmi qurumlar həmin canlıların alınaraq təbiətə buraxılmaları ilə də bağlı məlumatlar yayıblar.