AzadlıqRadiosunun Rusiyada saxlanılan jurnalistinə ittiham verildi

Alsu Kurmaşeva

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürüb.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilir.

O bundan əvvəl istintaq müddəti üçün dekabrın əvvəlinə qədər həbs olunub.

Kurmaşeva Rusiya Cinayət Məcəlləsinin 330.1 maddəsinin üçüncü bəndini pozmaqda ittiham edilir.

Bu maddədə Rusiyada hərbi, hərbi-texniki sahələrdə məqsədyönlü şəkildə informasiya toplayan şəxslərin xarici agent kimi qeydiyyatdan keçməli olduğu qeyd edilir.

Maddəyə görə belə informasiya xarici mənbələr tərəfindən istifadə olunduqda Rusiyanın təhlükəsizliyi üçün hədə yarada bilər.

İstintaq hesab edir ki, jurnalist adının xarici agent reyestrinə daxil edilməsi üçün özü müvafiq sənədləri orqanlara təqdim etməyə borclu idi.

Rusiya Ədliyyə Nazirliyi Kurmaşevanın adını reyestrə daxil etməmişdi. Bu, Rusiyada bu maddə ilə qaldırılmış ilk cinayət işdir. Jurnalist özünü təqsirli bilmir.

Buna da bax: Qırğızıstanın qadın siyasi məhbusları

Bundan əvvəl

Oktyabrın 23-də Kazandakı Sovetski rayon Məhkəməsi Kurmaşevanın vəkilinin həbsə alternativ qətimkan tədbiri barədə vəsatətini rədd edərək jurnalistin dekabrın 5-dək təcridxanada saxlanılması haqda qərar çıxarıb.

"Bugünkü dinləmənin nəticəsindən çox məyus olduq", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) demişdi.

"Alsunun ailəsinə qovuşa bilməsi üçün onu dərhal azad etməyə çağırırıq", – o, sözlərinə əlavə edib.

Hakimiyyət oktyabrın 11-də Kurmaşevanı ABŞ pasportunu Rusiya hökumət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl ($103) cərimələyib. Bunu yerli media gördüyü məhkəmə sənədlərinə əsasən yazıb.

Kurmaşeva bu il Rusiyanın saxladığı ikinci ABŞ mediası təmsilçisidir.

Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun tatar-başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Buna da bax: İranda hicabdan imtina edən aktrisalara kinoya çəkilməyin qadağan olunduğu deyilir

Beynəlxalq reaksiyalar

Azad Avropa/Azadlıq Radiolarının jurnalisti Alsu Kurmaşevanın Rusiyada saxlanması insan haqları qrupları və siyasətçilərin tənqidinə səbəb olub. Onlar bu addımın müharibə dövrü senzurasının yeni həddi ilə bağlı siqnallar göndərdiyini deyirlər.

"Alsu Kurmaşevanın təqib olunması Rusiyada jurnalistika və ifadə azadlığı hüququna amansız hücumun nümunəsidir", – "Amnesty International" insan haqları qrupunun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters (Marie Struthers) bildirib.

"Bu, həmçinin media peşəkarlarının qısnanmasında narahatedici eskalasiyanı göstərir, çünki ilk dəfədir bu ittihamla jurnalist peşə fəaliyyətinə görə birbaşa hədəfə alınır, ona beş illik həbs riski yaradır", – o, sözlərinə əlavə edib.

BMT-nin İnsan Haqları Ofisi, Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri də Kurmaşevanı dərhal buraxmağa çağırıb.

Buna da bax: Həbsdəki icra başçılarından birinin cəzası dəyişdirildi

Xarici agent qanunu

Rusiya 2012-ci ildən bəri xarici agent qanunlarından hökumətin tənqidçilərinə damğa vuraraq cəzalandırmaq üçün istifadə edir.

Rusiya Ukraynanı işğal etməyə başlayandan bu qanundan vətəndaş cəmiyyəti və media qruplarını bağlamaq üçün yararlanırlar.

Qanun imkan verir ki, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarına "xarici agent" damğası vurulsun.

Kurmaşeva Rusiyada saxlanan ikinci ABŞ jurnalistidir. "The Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) bu ilin martında casusluq ittihamı ilə saxlanıb.