İyunun 18-də Tatarıstan Ali Məhkəməsi AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin müxbiri Alsu Kurmaşevanın həbsdə saxlanmasına dair qərar qəbul edib.
Kommersant qəzeti jurnalistin vəkilinə istinadla yazıb ki, Kurmaşeva həbsin “heç olmasa ev məhbusluğuna” dəyişdirilməsini istəyirdi.
AzadlıqRadiosunun Rus xidməti bildirir ki, məhkəmə dinləməsi qapalı keçirilib.
Beləliklə də ali məhkəmənin hakimi Rizvan Yusupov Kazan şəhəri Sovet rayonu məhkəməsinin Alsunun avqustun 5-dək həbsdə saxlanmasına dair qərarını qüvvədə saxlayıb.
Alsu Kuyrmaşeva artıq 7 aydan çoxdur ki, həbsxanadadır. Onun barəsində iki cinayət işi açılıb.
O “xarici agentlərin” reyestrində qeydiyyata düşmək üçün özü barədə məlumatların verilməməsində və Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında ittiham olunur. Jurnalist özünün hər iki ittiham üzrə təqsirli bilmir.
Aprelin 1-də keçirilən son dinləmədə Kurmaşeva səhhətindəki problemlərin kəskinləşdiyini bildirmişdi.
Jurnalist bunu da bildirib ki, uşaqlarının səsini son dəfə ötən ilin oktyabrında eşidib.
AzadlıqRadiosunun prezidenti Stiven Kapus Alsu Kurmaşevanın həbs müddətinin uzadılması ilə bağlı bunları demişdi:
"Bu lüzumsuz və qəddar təqibdə ədalətsizliklər hər gün bir az da artır. Alsunun bir ABŞ vətəndaşı kimi hüquqları onu məhbəsə atan və 227 gündür ki, həbsdə saxlayan Rusiya hökuməti tərəfindən pozulub...Bu müddət ərzində Alsuya sevimli əri və uşaqları ilə bir dəfə də olsun danışmaq imkanı verməyiblər. ABŞ-ın ona konsul xidməti göstərməsinə imkan verilmir...”
Aprelin sonlarında ABŞ prezidenti Co Bayden Vladimir Putini Alsu Kurmaşevanı, habelə The Wall Street Journal qəzetinin təcridxanada saxlanan müxbiri Evan Gerşkoviçi azad etməyə çağırmışdı.
Buna da bax: Türkiyə Rusiyaya daha bir terror aktını önləməkdə kömək edibBundan əvvəl
AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.
Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.
Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.
O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.
Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.
Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.
Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.
Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.