ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Robert Malli İranı Dünya Kubokunun seçmə mərhələsindəki qələbəsi münasibətilə təbrik edib.
Robert Malli İslam Respublikasının milli futbol komandasını dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.
İran komandasının ləqəbindən istifadə edərək Twitter-də yazan Robert Malli qadınların maçta buraxılmasını da müsbət qiymətləndirib:
"#teammelli-ni #WorldCup2022-yə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Qadınların matça buraxılmasını görmək çox xoşdur"-İran üzrə Xüsusi Nümayəndə yazıb.
Yanvarın 27-də Tehranın Azadi stadionunda keçirilən oyunda İran milli futbol komandası İraq millisinə 1:0 hesabı ilə qalib gələrək 2022-ci il Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan ilk Asiya komandası olub.
FIFA uzun müddətdir ki, İrandan qadınların 2022-ci il Dünya Çempionatının seçmə mərhələsində iştirakına dair zəmanət verməsini tələb edirdi.
1979-cu il İslam İnqilabından bəri İranda qadınların kişilərin idman yarışlarına qatılması böyük ölçüdə qadağan edilib.