Tehrana qarşı sanksiyalarda yumşalma

Iran, Arakda nüvə reaktoru, 23 dekabr 2019

Amerika Birləşmiş Ştatları (ABŞ) xarici şirkətlərə İrandakı bəzi obyektlərdə atomun dinc məqsədlərlə inkişafı sahəsində iş aparmağa icazə verərək, Tehrana qarşı sanksiyalardan istisnaları bərpa edib.

Reuters xəbər verir ki, bu, nüvə sazişinin bərpasına kömək etməlidir.

İstisnalar həmçinin Rusiya, Çin və Avropa şirkətlərinə sanksiya riski olmadan İrandakı nüvə obyektlərində fəaliyyət göstərməyə imkan verir.

2015-ci ildə imzalanan nüvə sazişində İranla yanaşı, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Çin və Fransa da iştirak edib.

Razılaşma Tehrana qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Buna da bax: İrandan sızdırılmış sənəd: ‘Cəmiyyət partlayış həddindədir’

Beynəlxalq şirkətlər üçün istisnalar Tehran tədqiqat reaktoru üçün zənginləşdirilmiş uranın işlənməsi, Arak tədqiqat reaktorunun mülki ehtiyaclar üçün yenidən qurulması və işlənmiş yanacağın çıxarılmasını əhatə edirdi.

2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən çıxıb və İrana qarşı birtərəfli sanksiyaları bərpa edib. Bu, müqavilənin digər tərəflərinin tənqidinə səbəb olub. Tehran da buna cavab olaraq öhdəliklərini ləğv edərək nüvə işini bərpa edib.

2020-ci ilin mayında Vaşinqton istisnalara son qoymaq qərarını açıqlayıb. ABŞ prezidenti Co Bayden dəfələrlə razılaşmaya qayıtmağa söz verib. Bunun üçün isə o, sanksiyaları ləğv etməlidir.

Buna da bax: İran ABŞ-la birbaşa danışıqları istisna etmədiyini bildirir

Buna getməyə hazır olduğunu bildirən Vaşinqton istəyir ki, ilk növbədə Tehran uranı zənginləşdirmədən əl çəksin. Tehran da öz növbəsində istəyir ki, ilk növbədə məhdudiyyətlər aradan qaldırılsın. Ötən ilin sonunda Vaşinqtonla Tehran nüvə sazişinin mümkün bərpası ilə bağlı dolayı danışıqlara başlayıb.