ABŞ Şimali Koreyanı raket buraxılışlarını dayandırıb danışıqlara qayıtmağa çağırır.
ABŞ-ın yüksək səviyyəli diplomatı Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdən sonra Şimali Koreyanı son silsilə raket sınaqlarına son qoymağa və danışıqları bərpa etməyə çağırıb.
ABŞ-ın Şimali Koreya məsələləri üzrə yüksək səviyyəli rəsmisi Sung Kim Şimali Koreyanı “bu təxribatları və digər sabitliyi pozan fəaliyyətləri dayandırmağa və bunun əvəzinə dialoqa girməyə” çağırıb.
O, ABŞ-ın “ilkin şərt olmadan Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə görüşməyə hazır olduğunu” təkrar edərək, “KXDR-ə qarşı heç bir düşmən niyyətinin olmadığını” açıq şəkildə ifadə edib.
Kim, Seulda Cənubi Koreyalı həmkarı ilə görüşdən sonra jurnalistlərlə danışıb.
Bu görüş, Şimali Koreyanın sualtı qayıqla ballistik raket sınağı keçirməsindən bir neçə gün sonra baş tutub.
Kim bildirib ki, raket BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və "KXDR-in qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır".
Biden administrasiyası dəfələrlə ilkin şərt olmadan Şimali Koreya ilə "istənilən yerdə və istənilən vaxt" görüşməyə hazır olduğunu bildirib.
Şimali Koreya isə danışıqlara qayıtmaq məsələsində ABŞ -ın Pxenyanla bağlı düşmənçilik siyasətindən əl çəkməsini şərt kimi irəli sürür.