ABŞ Erdoğanın Maduroya dəstəyindən narazıdır

Elliott Abrams

Financial Times yazır ki, Türkiyə Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Maduroya dəstəyini dayandırmaq barədə ABŞ-ın ricalarına əməl etməməkdə davam edir.

Bunu prezident Donald Trump-ın Cənubi Amerika üzrə xüsusi səfiri Elliott Abrams martın 28-də jurnalistlərə deyib.

O bildirib ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan “Maduro rejiminə güclü dəstək verir” və “ABŞ Türkiyədən görmək istədiyi əməkdaşlığı görmür”.

Trump ötən yanvarda Venesuela müxalifətinin lideri Juan Guaidó-nu bu ölkənin keçid prezidenti kimi tanıyıb. ABŞ-ın Avropa və Cənubi Amerikadakı müttəfiqləri bu dəstəyə qoşulublar.

Vaşinqton Venesuelaya qarşı maliyyə sanksiyaları ilə Maduro hökuməti üzərinə təzyiqini artırır.

ABŞ Venesuelanın dövlət neft şirkəti PDVSA konserninə valyuta axınını dayandırmağa çalışır.

Lakin səfirin sözlərinə görə Erdoğan Rusiya və Çinlə eyni cərgədə Maduronun mühüm müttəfiqinə çevrilib.

Buna da bax: Erdoğanla Maduronu yaxınlaşdıran nədir?

Türkiyə prezidenti Maduronu “dik dayanmağa” çağırıb və ABŞ-ın onu hakimiyyətdən salmaq cəhdlərini “dövlət çevrilişi cəhdi” adlandırıb.

Erdoğanın Maduroya dəstəyi Ankara və Vaşinqton arasında gərginlyin daha bir faktoruna çevrilib.

ABŞ bildirir ki, Türkiyənin Venesueladan qızıl idxal etməsi ciddi narahatlıq mənbəyidir.

Vaşinqtonun təxminlərinə görə Ankara ötən il Karakasdan ümumi dəyəri 1 milyard dollar olan 20 ton qızıl idxal edib.

Abrams deyib ki, Vaşinqton Ankaradan bu prosesi dayandırmasını istəyib.

“İstər qızıl olsun, istərsə də hər hansı qiymətli başqa material, biz israr və rica edirik ki, sözü gedən hökumət bunu dayandırsın. Biz Türkiyədən istədiyimiz əməkdaşlığı görmürük. Türkiyə yalnız Venesuela və ya Latın Amerikasının deyil, həm də öz mövqeyini sarsıdır”.

Cənab Abrams bu prosesin Türkiyə üçün mümkün nəticələrinin təfərrüatlarına varmayıb.