ABŞ hərbi yardımının 3-cü hissəsi Ukraynaya çatdırılıb

ABŞ istehsalı olan silahlar, arxiv foto

ABŞ-dan Ukraynaya yeni silahlar gətirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün tvitter səhifəsində məlumat yayıb.

Məlumata görə, bu ABŞ hökumətindən Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün ayrılan 60 milyon dollarlıq yardımın 3-cü -sonuncu partiyasıdır.

"Deutsche Welle" ("Alman Dalğası" radiosu ) xəbər verir ki, yardım əsasən döyüş sursatları, tank əleyhinə silahlar və yükəsk dəqiqlikli silahlar, tibbi avadanlıq və digər materiallardan ibarətdir.

ABŞ-ın Ukraynadakı səfirliyinin hərbi attaşesi polkovnik Brittani Stüartın Kiyev hava limanında dedikləri:

“Biz Ukraynanı sülhsevər və azad ölkə olan NATO yolunda görmək istəyirik”.

Amerika hərbi yardımının tədarükü ilə bağlı razılaşmalar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı əldə olunub.

Əlavə yardımın birinci və ikinci partiyaları oktyabrın 10 və 18-də Kiyevə çatdırılıb.

Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda keçirdiyi görüşdə Donbassdakı münaqişənin yeddi ili ərzində ABŞ-ın Ukraynaya 2,5 milyard dollardan çox hərbi yardım göstərdiyini bildirib.