Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya, Çin və ya İranın regionda hökmranlığının qarşısını almaq üçün Yaxın Şərqdəki fəal iştirakını dayandırmayacaq.
“The Washington Post” yazır ki, bunu ABŞ prezidenti Co Bayden Fars körfəzi liderlərinin Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının sammitindəki çıxışı zamanı deyib.
"Açıq şəkildə deyim ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə fəal tərəfdaş olaraq qalacaq. Biz getməyəcəyik, Çin, Rusiya və ya İran tərəfindən doldurulacaq bir boşluq buraxmayacağıq" - ABŞ prezidenti vurğulayıb.
Bundan əlavə, Bayden ABŞ-ın Yaxın Şərqdə gərginliyi azaldacağını bildirib. Amerika prezidentinin sözlərinə görə, region ölkələri və ABŞ havadan mümkün təhlükələri aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemlərini birləşdirir.
Bayden həm də əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə beynəlxalq gəmiçiliyin qorunmasının gücləndirilməsinə kömək etmək istəyir, bu isə əsas hədəfin İran olmasına işarə edir.
İordaniya Kralı II Abdulla isə çıxışında bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan Yaxın Şərqdə təhlükəsizlik və firavanlıq əldə edilə bilməz.
Misir prezidenti Əbdülfəttah əs-Sisi isə qlobal və regional böhranların artmaqda davam etdiyini, buna görə də ərəb ölkələrindəki problemlərin aradan qaldırmalı olduğunu vurğulayıb.
"Ərəblərin bölgədəki münaqişələrə və vətəndaş müharibələrinə son qoymaq üçün birgə səylərinin vaxtı çatıb", deyən əs-Sisi həm də Baydeni əmin edib ki, Misir regionda ABŞ-ın mühüm tərəfdaşı olaraq qalacaq.
Co Baydenin ABŞ prezidenti kimi ilk Yaxın Şərq turu iyulun 13-dən 16-dək davam edib. Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl Bayden İsraildə və Fələstində olub.