Türkiyə Amnesty rəhbərini həbsxanadan azad edir

Taner Kılıc

Türkiyə məhkəməsi Amnesty International beynəlxalq insan haqları təşkilatının Türkiyə bölümünün başçısı Taner Kılıcın həbsxanadan azad edilməsi barədə hökm çıxarıb.

Təşkilatın təhqiqatçılarından Andrew Gardner avqustun 15-də özünün Twitter hesabından yazıb: “Yaxşı xəbərdir. Amnesty - Türkiyənin Fəxri Sədri Taner Kılıc həbsxanadan buraxılır. Onun bu axşamadək oradan çıxacağı gözlənilir. Şadyanalıq onda başlanacaq”.

Kılıc Türkiyənin qərbində yerləşən İzmir şəhərində təxminən bir il əvvəl həbs olunmuş, ona qarşı ABŞ-da mənzillənmiş müsəlman vaiz Fethullah Gülenə dəstək ittihamı irəli sürülmüşdü.

Ankara Güleni 2016-cı il uğursuz çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. Fethullah Gülen bütün ittihamları rədd edib.

Bundan az əvvəl avqustun 15-də Türkiyə məhkəməsi ABŞ keşişi Andrew Brunson-un ev məhbusluğundan azad olunması və onun üzərindəki səfər qadağanının götürülməsinə dair vəsatətləri rədd edib.