Amnesty International saxta videoları necə ifşa edir?

Rusiya Milli Qvardiyası etirazçılara qarşı

AzadlıqRadiosunun müxbiri Ron Synovitz yazır ki, Amnesty International beynəlxalq insan haqları təşkilatı Rusiya polisinin etirazçılara qarşı zorakı davranışını təhqiq edərkən həm də 2012-ci ildən bu yana Rusiya boyunca sosial media saytlarına postlanan video və foto materialları araşdırıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktor müavini Denis Krivosheyev deyib ki, sosial mediada yayılan foto və görüntülər insan haqları təhqiqatlarının gücləndirilməsinə xidmət edir, lakin bununla yanaşı bəzi qüvvələr və şəxslər bu materiallardan təbliğat və daha ağır məqsədlər üçün istifadə edirlər.

Bu işdə saxtakarlara mükəmməl süni zəkaya əsaslanan video alətləri, FakeApp kimi tətbiqlər kömək edir. Bu alətlər “deepfakes” (dərin saxtalaşdırma) adlanan realist və inandırıcı videoaların qondarılmasını təmin edir.

“Dərindən saxtalaşdırılmış videolarda” hər hansı adamın başı, başqa birisinin bədəninə montaj edilə və kimsə başqasının səsi ilə onun demədiklərini “danışa” bilər.

İfşa edən könüllülər

Məhz bu səbədən Amnesty özünün Rəqəmsal Verifikasiya Korpusunu (Digital Verification Corps -DVC) yaradıb. Bu korpusa dünya boyunca 6 universitetdən 100 tələbə daxildir. Bu tələbələr xalis və saxta sosial media postlarını ayırd etmək işi ilə məşğuldurlar.

Müxtəlif sahələr üzrə mütəxəssis olan bu könüllülər gələcəyin insan haqları təhqiqatçıları olmaq üçün təlim edilirlər. Onlar yeni rəqəmsal alətlərə və metodlara yaxşı bələddirlər və internetdə yayılan görüntlərin həqiqətən də iddia edilən məkan və zamandan olduğunu üzə çıxarmağı bacarırlar.

Krivosheyev deyir ki, internetdə yayılan video və fotoların yaratdığı ümman Amnesty təhqiqatlarının təbiətini kökündən dəyişib.

O AzadlıqRadiosuna deyib ki, Amnesty Rusiya hakimiyyət orqanlarının etirazçılar üzərinə hücum və təqiblərini araşdırarkən illərlə “ənənəvi təhqiqat metodlarından” istifadə edib.

Bu isə insan haqları pozuntuları barədə media materiallarını toplamaqdan, sonra isə yerlərə gedərək şahidlər və iddia edilən qurbanlarla müsahibələr aparmaqdan ibarət idi:

"Əvvəllər Amnesty “iddia olunan” və ya “haqqında xəbər verilən” kimi sözlərə daha çox güvənirdi. Biz indi bunu getdikcə daha az edirik. Bunun bir səbəbi də internetdə yayılan video və fotoların həqiqiliyinin yoxlanmasıdır”.

Faktlar mif, saxta xəbərlər fakt olanda

Krivosheyev bildirir ki, DVC xüsusilə də Rusiya məkanında daha mühüm alətdir:

“Çünki Rusiyada getdikcə daha çox faktları mif, saxta xəbərləri isə fakt kimi təqdim edirlər”.

2016-cı ilin sentyabrında yaradılandan bəri DVC komandası Amnesty International təşkilatının münaqişə və böhranları araşdırmasında aparıcı rol oynayıb.

DVC təhqiqatçıları Amnesty-nin Birmadakı Rohinca müsəlman azlığına qarşı etnik təmizləmənin, habelə Suriya və Sudanda hökumətlərin kütləvi köçürmə siyasətinin və kimyəvi silahlardan isitifadə barədə hesabatlarına böyük töhfə veriblər.

DVC qrupunun rəhbəri Sam Dubberley deyir ki, insan haqları təhqiqatçıları on il əvvəl əlçatmaz münaqişə zonalarının araşdırılmasında peyk fotolarına güvənməli olurdular.

Keçmiş ABŞ prezidenti Barack Obamanın videosundan çıxarılmış kadrda saxtalaşdırma prosesinin izləri görünür

Onun sözlərinə görə DVC bu gün açıq mediada olan video və fotolarıın orjinallığını müəyyən edə bilir.

Məsələn Suriyadakı hər hansı bir məscidin fotoları və videoları peyk görüntüləri ilə tutuşdurulur. Bu qayda ilə Kaliforniya Universitetindəki DVC könüllüləri videonun hansı şəhərdə çəkildiyini müəyyən edə bilirlər.

Bu zaman kölgələr, hava şəraiti videoların çəkildyi vaxtın müəyyənləşdirilməsinə kömək edir.

Dubberley deyir ki, onlar hər hansı video və ya fotonun əvvəllər internetdə olub-olmadığını da üzə çıxara bilirlər.

Video-foto materiallarının bu cür dəqiqləşdirilməsi metodu mövcud olmayan vaxtlarda Amnesty YouTube-da dərc edilən materialları identifikasiya etmək üçünözünün DataViewer alətini yaratmışdı.

Bu metoddan istifadə edilərkən hər hansı videodan dörd kadr çıxarılır və başqa fotolarla tutuşdurulur.

Polis maşını niyə aşıb?

Bu metodla Amnesty, məsələn 2013-cü ilə aid geniş yayılmış videonun saxtalığını üzə çıxarıb. Misir hakimiyyət orqanları bu videoya istinad edərək etirazçıların polis maşınını körpüdən aşırdıqlarını iddia edirdi.

Lakin ikinci bir videonun başqa bir bucaqdan verifikasiyasından məlum olmuşdu ki, polis maşını əslində başqa bir maşınla toqquşaraq körpüdən aşıb.

Amnesty belə hallarda Almaniyanın Deutsche Welle radiosu ilə bir Yunanıstan kompüter proqramları şirkətinin birlikdə yaratdıqları internet əsaslı Truly.Media platformasından da istifadə edir.

Truly.Media platformasında InVid kimi alətlərin köməyi ilə dezinformasiya kampaniyaları ifşa olunur.

Bu platforma jurnalistlərə və insan haqları müdafiəçilərinə saxta video və fotoların müəyyən edilməsində kömək edir.

Amnesty-nin DVC komandasına California-Berkeley-dən başqa Britaniyanın Esseks və Kembric universitetləri, habelə Kanadanın Toronto Universiteti, Cənubi Afrika Respublikasından Pretoriya Universiteti və Honk Konq Universitetlərinin könüllüləri daxildirlər.