Ana dilində düzgün danışmayanlar cərimələnməlidirmi?

Ədəbi dil normalarının qorunması məqsədilə cərimələr tətbiq edilə bilər. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu AzadlıqRadiosuna belə deyir.

“Yol hərəkəti qaydalarını pozan şəxs bir dəfə cərimələnəndə ikinci dəfə buna yol vermir. İndi biz də təklif edirik ki, ədəbi dil normalarını pozanlar cərimələnsinlər. Belə praktika bir sıra ölkələrdə var, məsələn, Baltik respublikalarında. Hətta onlarda dil polisi var. Amma o cür çətindir. Biz təklif edirik ki, tutalım, reklam agentliyi ədəbi dil normalarını pozdusa, cərimələnməlidir. Başqa təsir mexanizmi yoxdur. Dil də millətin atributlarındandır”.

Ölkə başçısı ötən ilin noyabrında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmalıdır. Mərkəzin 17-18 nəfər üzvü olacaq və onlar Nazirlər Kabineti tərəfindən təyin edilməlidir. Bunları xatırladan Möhsün Nağısoylu deyir ki, cərimələri də Mərkəz müəyyənləşdirməlidir:

“Bizim Dilçilik İnstitutundan xahiş etdilər ki, Monitorinq Mərkəzinin əsasnaməsinin layihəsini, strukturunu, ştat vahidini hazırlayaq. Bunlar təsdiqlənib. Bizim təkliflərimizin arasında qurumların cərimələnməsi də vardı. Amma təklifin qəbul edilib-edilməməsi haqda məlumatsızıq”.

Direktor cərimələrin məbləği haqqında danışmaq istəməsə də, dil normalarını pozanların cərimələnməsinin faydalı olacağını düşünür.

Prezident, nazir, deputat da cərimələnəcək?

Ədəbi dil normalarınna riayət ancaq KİV-lərdən və reklam agentliklərindən tələb olunacaq, ya bu rəsmi şəxslərə də tətbiq edilə bilər?

Məsələn, Azərbaycan dilinin qaydalarını pozan deputat, nazir, baş nazir və ya dövlət başçısı, vise-prezident də cərimələnə bilərmi? Bu da təkliflər sırasında varmı?

Möhsün Nağısoylu deyir ki, “biz bunu daha çox qurumlar, hüquqi şəxslər üçün yazmışıq”. O, Monitorinq Mərkəzinin rəsmi şəxslərin ədəbi dil normalarını pozub-pozmadıqlarına nəzarət etməsini də mümkün sayır:

“Onların səlahiyyətinə aiddir. Bu işlə də məşğul ola bilərlər... Düşünürəm ki, qurumlara tətbiq olunan cərimələr fərdlərə də təsirini göstərəcək. Hər kəs ana dilini sevməlidir, Azərbaycan dili ahəngdarlığına, zənginliyinə görə dünyanın seçkin dillərindəndir”.

Qulu Məhərrəmli: “Bu ölkənin təmsilçisi, deputatı, naziri ana dilində gözəl danışmağı bacarmalıdır”

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, jurnalist, Dilçilik İnstitutunun keçmiş şöbə müdiri Qulu Məhərrəmli dil normalarının pozulmasına görə cərimə tətbiq edilməsini yanlış sayır.

O, bunu “vaxtı çatmamış təklif” adlandırır. Qulu Məhərrəmlinin sözlərinə görə, ədəbi dillə bağlı problemlər yoluna qoyulduqdan, normalar hər kəs üçün anlaşılan olduqdan sonra cərimə məsələsini müzakirəyə çıxarmaq olar:

“Amma indiki halda cərimə hansı halda tətbiq ediləcək? Təkcə sözlərin yazılışına görə, yoxsa sözlərin əcnəbi dildə yazılmasına görə? Və ya bu şifahi ədəbi dilə aid edilməyəcək, ancaq yazılı dillə məhdudlaşacaq? Burda o qədər qarışıq məsələlər var ki... Sadəcə, dil normalarını pozanları cəzalandırmaq həm yanlış yanaşmadır, həm də effektsiz. Onsuz da Azərbaycanda insanları gərəkli-gərəksiz o qədər cərimələyirlər ki, ona görə bunun tətbiqi məqsəduyğun deyil”.

Məmurların monitorinqə cəlb edilməsi haqda Qulu Məhərrəmli deyir ki, rəsmi şəxslər, istər-istəməz, dilin daşıyıcılarıdır və ana dilində normalara uyğun danışmalı, dilin qaydalarına əməl etməlidirlər:

“Təsəvvür edin, Marqaret Tetçer baş nazir seçiləndə gözəl danışmaq məqsədilə ayrıca dil müəllimi tutub. Halbuki həmin dövrdə o yüksək nitq mədəniyyətinə malik idi. Əlbəttə, istər rəsmi, istərsə qeyri-rəsmi şəxs ədəbi dildə gözəl danışmalıdır. Amma rəsmi şəxslərin üzərinə məsuliyyət düşür ki, dilin gözəlliklərini, üstünlüklərini ifadə etsinlər. Yoxsa elə nazirimiz var ki, ana dilində biabırçı şəkildə danışır. Bu ölkənin təmsilçisi, deputatı, naziri ana dilində gözəl danışmağı bacarmalıdır. Son zamanlar Azərbaycan dilində qəbul edilən sənədlərin əhəmiyyəti, fəlsəfəsi də ondadır ki, biz Azərbaycan dilində gözəl danışmalı, gözəl yazmalı, qaydaları qorumalıyıq”.

Şərif Ağayar: “Kimsə məqsədli şəkildə dil normalarını pozmur”

Azərbaycan Dil Qurumunun İdarə Heyətinin üzvü, yazıçı Şərif Ağayar dil qaydalarını pozanların cərimələnmə təklifinin “həssas məsələ” olduğunu düşünür. Onun qənaətincə, dil eksperimentləri sevir, ancaq bununla belə kobud pozuntularla bağlı inzibati tədbir görülməsinə ehtiyac var. Düzdür, o, inzibati tədbirlərin sərt olmasının tərəfdarı deyil:

“Elə yazıçı, şairlər var ki, onların zamanında inzibati dil komissiyası olsaydı, onların bütün yazılarını cərimələyərdi. Məsələn, Mayakovskini şeirlərinə, Kafkanı üslubuna görə uzun zaman qəbul etmədilər. Bizim özümüzdə Həmid Herisçinin cümlə quruluşları bəzən standartdan kənara çıxır. Yaradıcı məsələlərdə inzibati tədbirlərin əleyhinəyəm. İctimai qınağın, müzakirələrin tərəfdarıyam. Qaydanı insan yaradıb. Türkiyədə mühafizəkar kəsim var ki, bizim heyranlıqla izlədiyimiz aparıcıları bəyənmir. Onlar Orhan Pamukun cümlə qura bilmədiyini deyirlər. Adam Nobel mükafatı alıb. Gülməlisi odur ki, mühafizəkar kəsim cümlə quruluşunu ortaya qoyanda, görürsən ki, qaydalar doğrudan pozulub”.

Yazıçı bəzən Azərbaycanda da mütəxəssislərin müasir radio və televizya verilişlərində aparıcıların diksiyasına, vurğulara irad tutduğunu xatırladır:

“Görürəm ki, irad tutanlar AzTV-nin kolxozdan apardıqları reportajların üslubunu bəyənirlər:

“Uca dağlarımızın...” Mənə bu daha bayağı gəlir və cəriməni ona tətbiq edərəm. Hərçənd, bu, çox mübahisəli və subyektiv məsələdir. Kimsə məqsədli şəkildə dil normalarını pozmur. Kim yaxşı yaza biləcəyi cümləni pis yazar?”

Şərif Ağayar bütün tərəddüləriylə yanaşı, KİV-lərin xəbər dilində normaları gözləməli olduğunu bildirir, ədəbi-bədii verilişlərdə, ədəbi materiallarda eksperimentə, cəsarətə meydan verilməli olduğunu vurğulayır.

Onun fikrincə, indilik məsələ “ictimai qınaq səviyyəsində həllini tapmalıdır, səmərə olmazsa, cərimələrə əl atılmalıdır”. Başqa sözlə, hələlik, vaxtaşırı monitorinqlərin aparılmasını, pozuntuya yol verənlərin adının açıqlanmasını yetərli saymaq olar.

Dilçilik İnstitutu artıq bir neçə ildir yazıçının söylədiyi kimi vaxtaşırı dil normalarının pozulması ilə bağlı monitorinqlər aparır, bununla bağlı hesabatlar hazırlayır, konkret nümunələri və pozuntuları adlarla ictimaiyyətə açıqlayır.

Direktor Möhsün Nağısoylu da belə monitorinqlərin faydalı olduğunu düşünür:

“Məsələn, bizim monitorinq şöbəsi ATV-nin xahişi ilə Şəki bürosunda oldu, orda söhbətlər apardı, bunun müsbət təsiri oldu. LiderTV-də də treninqlər keçirildi”.

O zaman cərimələrə nə ehtiyac var? Direktor “biz sadəcə təklif vermişik” deməklə kifayətlənir.

Prezident ötən il dillə bağlı iki sənəd imzalayıb. Bunlardan biri “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamdır. İkincisi, Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərmandır. Üstündən bir ilə yaxın vaxt ötsə də, fərmanda yaradılması deyilən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən xəbər yoxdur.