Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin aprelin 21-də həbs edildiyi bildirilir.
Partiyadan “Turan” Agentliyinə deyilib ki, Əsədli dünən və bugün, aprelin 21-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb:
"Dünən idarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş etsə də, Anar Əsədli 6 saatdan artıq, orada saxlanıb, sonra isə sərbəst buraxılıb. Bu gün,aprelin 21-də yenə idarəyə çağırılıb və məhkəməyə aparılıb".
Partiyadan vurğulanıb ki, Anar Əsədli barədə Nərimanov Rayon Məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlandığı bildirilir. Verilən məlumatlara görə, O, bir neçə şəxsin pulunun mənimsəməsində ittiham olunur.
Bütün bu deyilənlər ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov Rayon Məhkəməsi ilə isə danışmaq mümkün olmayıb.
Buna da bax: Partiya sədrinin ölkədən çıxışına icazə verilməyibXatırlatma
Ötən ilin noyabrında Əsədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Daxili İşlər Nazirliyi bunu bəzi vətəndaşların ondan şikayətləri ilə izah etmişdi.
Nazirliyin açıqlamasına görə, Anar Əsədli yalan vədlər verərək vətəndaşların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəməkdə şübhəli sayılırdı.
Anar Əsədli isə bu ittihamları qəbul etmirdi. O, bildirmişdi ki, bu, siyasi sifarişdir və partiyanın fəaliyyəti ilə bağlıdır.
Azərbaycan Yüksəliş Partiyası 2020-ci ildə yaradılıb. Bir il sonra dövlət qeydiyyatına alınıb.