Anar Məmmədli səhhətində problemlər yarandığını bildirir

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədli səhhətində problemlər yarandığını bildirib. Bu barədə müdafiə tərəfi açıqlama yayıb.

Vəkil Elçin Sadıqov bilirib ki, oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşüb.

Onun sözlərinə görə, A.Məmmədli belində, boğazında ağrılardan və baş gicəllənməsindən əziyyət çəkdiyini söyləyib.

E.Sadıqov qeyd edib ki, Anar Məmmədlinin müayinəsi və zəruri analizlərinin götürülməsi ilə bağlı hələ ötən həftədən göndərdikləri müraciətlərə isə heç bir cavab verilməyib: "Anar Məmmədlinin yazdığı müraciətləri Penitensiar Xidmətinə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə, istintaqı aparan Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına göndərmişdik, hələlik, heç bir cavab gəlməyib, müayinə aparılmayıb".

Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa sözügedən qurumlardan da ayrılıqda münasibət öyrənmək mümkün olmayıb.

A.Məmmədli bu il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Qaçaqmalçılıq ittihamı…

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.