ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik avqustun 25-də Ermənistanın Laçınla həmsərhəd Kornidzor kəndində olub. AzadlıqRadiosunun erməni xidməti – Azatutyun onun xüsusilə bir neçə həftə öncə Ermənistandan Azərbaycanın Qarabağ regionuna humanitar yük gətirmiş yük maşınların dayandığı əraziyə baş çəkdiyini yazır.
Kaspşik jurnalistlərin suallarını cavablandırmatyıb. O, yerli məmurlardan Laçın dəhlizi ilə birtərəfli hərəkətin mümkün olub-olmadığını soruşub.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən – avqustun 24-də deyib ki, Bakının Laçın dəhlizini birtərəfli qaydada açmağı planlaşdırması haqda etibarlı informasiyaya malikdir. Yəni, guya Bakı Qarabağ ermənilərinin regiondan çıxmasına icazə vermək istəyir, geri qayıtmasına yox.
Buna da bax: Paşinyan deyir ki, ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdırErmənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.
Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.