IV Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bildirməsinə görə, tərəflər iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Azərbaycan rəsmiləri bugünlərdə bildiriblər ki, Ermənistan konstitusiyasında onlara qarşı ərazi iddiaları var və sülh sazişinin imzalanması ilə bağlı bu aradan qaldırılmalıdır. Üstəlik, onlar hesab edir ki, uzun illər Qarabağ münaqişəsində vasitəçilik etmiş ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlərdir) buraxılmalıdır.
Ermənistan rəsmiləri də bunu mümkün sayır. Elə Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirədə Ermənistanın xarici işlər naziri A.Mirzoyan ATƏT Minsk qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib. Amma Ermənistan rəsmiləri konstitusiyaya dəyişikliklərini müzakirə etsələr də, onunla bağlı Azərbaycanın şərtini əsaslı saymırlar.
Antalyada Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşüb
Ermənistan parlamentinin spikerinin müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin bu proses üzrə xüsusi elçisi Sərdar Kılıç ilə görüşüb. Bu barədə Rubinyan X sosial şəbəkəsində məlumat verib: "Diplomatik Forumu çərçivəsində Sərdar Kılıç ilə Ermənistan-Türkiyə normallaşma prosesi ilə bağlı yaxşı müzakirəmiz oldu".
S.Kılıç da paylaşımında müzakirəni "məhsuldar" adlandırıb.
Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sülh danışıqları fonunda Ankara-Yerevan münasibətləri əslində necə dəyişir?
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir. Azərbaycan isə etnik təmizləmə ilə bağlı ittihamları qəbul etmir.