Ə.Zeynallı: 'İnformasiya təhlükəsizliyi təhlükə altındadır'

Ə.Zeynallı

«Neçə illərdir deyirdik ki, Azərbaycanda informasiya təhlükəsizliyi, media mühiti təhlükə altındadır və indi baş verənlər bunun sübutudur». Bunu xural.com saytının rəhbəri Əvəz Zeynallı «APA Holdinq» MMC-yə daxil olan bir sıra saytların girişinə dünən, avqustun 1-dən yaranan məhdudiyyəti dəyərləndirərkən bildirib: «Saytların fəaliyyəti dayandırıb, bunun səbəbinin doğrudan da, deyildiyi kimi, yanlışlıq, yoxsa klanlararası savaş olduğu məlum deyil. Hökumətə yaxın bir sayt belə bu haqda yazmır. «APA» özü vəziyyətlə bağlı açıqlama vermir».

Ə.Zeynallı hesab edir ki, elə bu faktın özü ölkədə media təhlükəsizliyinin təmin olunmamasının, media mühitinin yoxluğunun bariz nümunəsidir.

Ə.Məmmədli

Ekspert: «APA-nın fəaliyyəti dayandırılıb»

«APA-ya giriş bloklanmayıb, bəzi saytlardan fərqli olaraq, agentliyin fəaliyyəti dayandırılıb». Bunu media üzrə ekspert Ələsgər Məmmədli avqustun 1-dən etibarən agentliyin internet resurslarına girişin mümkün olmaması ilə bağlı bildirib.

Ekspert deyir ki, hələlik rəsmi açıqlama olmadığı üçün media qurumunun fəaliyyətini dayandırması səbəbini birmənalı anlamaq olmur: «Amma yayılan, elə agentliyin özünün istər prezidentdən, istərsə də oxuculardan üzrxahlıq istəməsi bunun yanlışla bağlı olduğunu deməyə əsas verir. Amma hətta belə olubsa da, bir media qurumunun fəaliyyətini dayandırmasına səbəb ola bilməz».

Ekspert bildirib ki, belə halda «KİV haqqında» Qanunun uyğun maddəsinə əsasən, səhvə yol verən tərəf haqq sahibindən və oxuculardan üzr istəyirsə, bu iş elə üzrlə də bitir və hüquqi müstəvidə həllini tapmış olur.

Ə.Məmmədli xatırladıb ki, bu cür halın baş verməsi Azərbaycanda ilk dəfə deyil, ANS telekanalına, «Zerkalo» qəzetinə qarşı oxşar kənar inzibati müdaxilələr olub: «İndiki halda belə bir sual meydana çıxır ki, bu qərar kollektivin, yoxsa media qurumunun real sahibinin qərarıdır. Çünki agentlik rəhbəri 200-ə qədər əməkdaşı olan bir qurumu fəaliyyətdən sala bilməz, bu bir ictimai məsuliyyət yaradır. Fikrimcə, bu, qurumun real sahibinin qərarıdır».

Ə.Məmmədliyə görə, müdaxilə halları ona görə baş verir ki, belə qurumların maddi mənbələri şəffaf deyil, iqtisadi dayanıqlığı yoxdur, ayrı-ayrı məmurlardan asılı durumdadır.

Ekspert yaranmış durumu həm də ölkədə media azadlığının olmaması göstəricisi kimi dəyərləndirir.

R.Becanov: «Ümid edirəm ki, həmkarlarımız...»

«Sözün düzü, APA agentliyi ilə bağlı nə baş verdiyi müəmma olaraq qalır. Agentliyin fəaliyyət göstərməməsi texniki məsələdirmi, yoxsa bir səhvin nəticəsidir, bunu müəyyən etmək olmur».

Bunu «APA Holdinq» MMC-yə daxil olan saytların girişinə yaranan məhdudiyyəti dəyərləndirərkən cebhe.info saytının rəhbəri Rafael Becanov bildirib.

R.Becanov vurğulayıb ki, məsələ ilə bağlı agentlik rəhbərliyi də hər hansı açıqlama vermir.

Amma R.Becanov istənilən halda bu məsələni araşdırmağa tərəfdardır və xoşagəlməz vəziyyət olarsa, bunun 200-ə yaxın jurnalistin həyatına təsir göstərəcəyini bildirib: «Ümid edirəm ki, hər şey yaxşılıqla bitər və həmkarlarımız həyat sınağı ilə üzbəüz qalmazlar».

Xatırlatma

Avqustun 1-i axşam saatlarından «APA Holdinq» MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra agentliklərə girişdə məhdudiyyət var. Ancaq, hələlik, bunun səbəbini «APA Holdinq» rəsmilərindən dəqiqləşdirmək mümkün olmayıb.

Avqustun 1-də bu məhdudiyyət yaranmazdan az öncə APA agentliyi bir təkzib yaymışdı. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib.

Təkzibdə vurğulanırdı ki, dövlət başçısının «Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq» sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı çökdürəcəyik» kimi təqdim edilib.

Ancaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan da, hələlik, baş verənlərə münasibət öyrənmək mümkün olmayıb.