APA-ya girişdə məhdudiyyət var

APA

Avqustun 1-i axşam saatlarından «APA Holdinq» MMC-yə daxil olan APA, Lent.azAPA Sport kimi bir sıra agentliklərə girişdə məhdudiyyət var.

Ancaq, hələlik, bunun səbəbini «APA Holdinq» rəsmilərindən dəqiqləşdirmək mümkün olmayıb.

Avqustun 1-də bu məhdudiyyət yaranmazdan az öncə APA agentliyi bir təkzib yaymışdı. Həmin təkzibdə prezident və oxuculardan üzr istənilirdi. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə, ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib.

Təkzibdə vurğulanırdı ki, dövlət başçısının «Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq» sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı çökdürəcəyik» kimi təqdim edilib.

Avqustun 1-də axşam saatlarında bəzi yerli saytlar da (Əsasən həmin çıxışı APA saytından verən saytlar) APA agentliyində getmiş yanlışlıqla bağlı Prezident Administrasiyasına istinadən təkzib dərc ediblər. Həmin təkzibdə də vurğulanıb ki, prezident məlum çıxışında «Ermənistanı çökdürəcəyik» ifadəsini işlətməyib.

Ancaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan da, hələlik, baş verənlərə münasibət öyrənmək mümkün olmayıb.

Bununla belə, məsələ sosial şəbəkələrdə müzakirə edilir. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət məsələ ilə bağlı narahatlığını ifadə edib.

«Məni daha çox oradakı 200-dən artıq həmkarımın iş yeri məsələsi narahat edir. APA-ya bir şey olarsa, bu qədər jurnalisti işlə təmin edəcək halımız varmı? Təbii ki, yoxdur. Ona görə də arzu edirəm ki, APA bir an öncə işini bərpa etsin. Yanlış olub, anlayırıq. Özləri də anlayıb və dərhal da düzəldiblər...», - deyə o vurğulayıb.