Ağacların kəsilməsinə görə, cinayət işləri açılıb

Azerbaijan - trees are cut in Baku, Gunashli district

Bakıda, Lənkəranda və Quabada qanunsuz ağac kəsilmələri ilə bağlı faktların Baş Prokurorluğa göndəirldiyi bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Baş Prokurorluğun mayın 17-də birgə yaydıqları məlumatda yazılıb.

Məlumatda qeyd edilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan təhqiqatın nəticəsində Bakının Xətai rayonunda 0,24 ha sahədə 25 ağacın qanunsuz kəsilməsi aşkar edilib.

Bununla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların qanunsuz kəsilməsil) maddəsilə cinayət işi başlanıb.

Habelə, Lənkəranın Vizəzəmin meşəlik ərazisində 25 növ 63 ədəd müxtəlif ağac kəsilməsinin də aşkar edildiyi açıqlanıb. Deyilən məsələyə görə də cinayət məcəlləsinin 314.1-ci (səhlənkarlıq) və 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsilə cinayət işi başlanıb.

Birgə məlumatda o da qeyd edilib ki, Quba rayonunda müxtəlif növlərə aid 4408 ağac kəsilməklə təbiətə ziyan vurulub. Qeyd edilən bu məsələyə görə, isə cinayət məcəlləsinin 314.1-ci və 259.2.4-cü ( külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi) maddələrilə cimayət işi qaldırılıb

Məlumatda yazılıb ki, hər üç iş üzrə təqsirli şəxslərin müəyyən olunması və təbiətə vurulan ziyanın ödənilməsi istiqamətində tədbirlər görülür.

Xatırlatma

2019-cu il may ayının 5-də Bakının Xətai rayonunda M.Hadi küçəsi, 93/99 ünvanında ağacların gecə ilə kəsilməsi ilə bağlı sakinlərin şikayəti olmuşdu. Sakinlər bunun elektrikin kəsilərək törədildiyini iddia edirdilər.Həmin şikayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də açıqlama yaymışdı. Açıqlamada 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü bildirilirdi.