Ağdamın Üçoğlan kəndi zəlzələdən sonra [Fotolar]

Səfərovlar Ağdamın Üçoğlan kəndində evləri yararsız hala düşən 2 ailədən biridir.

Səfərovların evi yararsız hala düşdüyündən indi ailə qonşu evlərdə gecələyir.

Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub. Zəlzələ nəticəsində əksər evlərdə çatlar əmələ gəlib, bəzi vətəndaşların evlərinin şüşələri qırılıb, tavanları uçub.

Yaxın qonşular evlərinə zərər dəymiş sakinlərin uşaqlarına yardım edərək müvəqqəti evlərində məskunlaşdırıblar.

Ağdamın Üçoğlan kənd sakini: "Ömrüm boyu fəhləlik etmişəm. Barmaq sayı qədər istirahət günüm olub, ya olmayıb.  Yorğun olduğumdan bərk yatmışdım. Hadisədən xəbərim olmayıb."

Ağdamın Üçoğlan kəndində yaşayan uşaqlar deyirlər ki, erməni mövqelərindən atəş açılanda onlar adətən zirzəmidə gizlənirlər. Zəlzələdən sonra isə zirzəmiyə girmirlər ki, ev başlarına uçar. 

Ağdamın Üçoğlan kəndi.

Yeraltı təkanlar Ağdam rayonunun Üçoğlan kəndində daha çox hiss olunub.
Baş vermiş zəlzələ nəticəsində Ağdamda 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi ziyan dəyib. 
Zəlzələnin təkrar olunacağından ehtiyat edən sakinlər həyətlərində yemək bişirib yeyirlər. 

Ağdamın Üçoğlan kəndi. Qonşunun evində gecələyənlər. 

Ağdamın Üçoğlan kəndi. Uşaqlar kartof, soğan və digər məhsulların saxlandığı anbarda gecələyiblər.

Ağdamın Üçoğlan kəndi. Zəlzələdən ziyan çəkən ailə.  Sayad xanımın dediyinə görə, zəlzələdən sonra icra hakimiyətindən, yaxud Fövqəladə Hallar Nazirliyindən evlərinə gəlib vəziyyətləri ilə maraqlanan olmayıb.

Anar Səfərov Ağdamın Üçoğlan kəndinin sakinidir. Deyir zəlzələdən sonra yerli hakimiyyət orqanlarından gəlib evinə baxış keçiriblər. Evin təmir oluncaqını deyiblər. Lakin o bunun nə zaman  ediləcəyini bilmir. Hələ ki qonşunun evində gecələyir.

Ağdamın Üçoğlan kəndi. Uçan evlərdən biri

Evlərinə ziyan dəymiş sakinlər, zəlzələnin təkrar olunacağından ehtiyat edib evlərinin həyətlərində gözləyirlər.

Ağdamın Üçoğlan kəndi. Bu yerlərin uşaqları hər an təhlükə ilə üz-üzədirlər. Cəbhə bölgəsinə yaxın yaşadıqlarına görə.
- Evdə yatmağa hazırlaşırdıq, birdən möhkəm səs eşitdik, sonra evimizin arxa otağındakı daşlar uçulub yerə töküldü. Nənəm bizi həyətə çıxardı. Elə bildik yenə ermənilər atırlar.
Zəlzələdən evləri yararsız hala düşən uşaqların dedikləri.

Bu evin sakinləri zirzəmidə kartof, soğan və başqa məhsullar saxlayırlar. Zəlzələ nəticəsində zirzəmiyə giriş bağlanıb.