Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) fəalı Aqil Məhərrəmovun səhhətində problem yarandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna partiyanın rəhbərliyindən məlumat verilib.
Məlumata görə, A. Məhərrəmov ayağını rahat şəkildə yerə basa bilmir, diz qapağı ətrafında sınıq və ya çatların olması ehtimalı var.
AXCP-dən həmçinin vurğulayıblar ki, məsələ ilə bağlı A. Məhərrəmov bir neçə dəfə saxlandığı Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verib:
"Onun dəfələrlə müalicə müəssəsinə köçürülməsi ilə bağlı cəzaçəkmə müəssəsinin rəhbərliyinə müraciət etməsinə baxmayaraq, hələ də heç bir tədbir görülmür. Aqil Məhərrəmov habelə ailə üzvlərinə bildirib ki, yeriyərkən müvazinətini saxlaya bilməyərək bir neçə dəfə yıxılıb".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Aqil Məhərrəmov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.
S.Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanılıb. Bundan sonra mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.
Ali Məhkəmə S.Rüstəmovun cəzasını sonra 2 ay azaldıb.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar, dostu olaraq da yalnız bir neçə dəfə ona yardım edib.