Noyabrın 10-da Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Fransaya ikigünlük işçi səfərə yola düşəcək. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.
Mirzoyan UNESCO Baş Konfransının Parisdə keçiriləcək 41-ci sessiyasına qatılacaq. Sessiya çərçivəsində UNESCO-nun 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Nazirin ikitərəfli görüşlər keçirəcəyi, 4-cü Paris Sülh Forumuna qatılacağı bildirilir.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov isə artıq Parisə yola düşüb. Onun UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında iştirakı və çıxışı gözlənir.
Azərbaycan və Ermənistan nazirlərinin Parisdə görüşüb-görüşməyəcəyi bəlli deyil. Onların daha öncəki görüşü sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilmişdi.