Astara rayonunun Pensər kəndindəki həftəlik bazarda bal satan bir satıcının geleyi müştəri qıtlığı ilə bağlıdır. Deyir hətta elə olub ki, evdə məhsulu ola-ola yeni dərs ilində uşaqlarına məktəb ləvazimatları almaq üçün başqa adamdan borc almalı olub.
“Məktəbli uşaqlarım üçün dərs ləvazimatlarını borc edib almışam”
“Ucqar dağ kəndindənəm. Bazara gəlmək çətindir. Hər il yarmarka olurdu, orada 500 kiloqrama qədər bal satardım. İranın qapısı açıq idi. Ordan ucuz bal gətirib burada satırdılar. İndi bu problem yoxdur. Amma yenə balımızı sata bilmirik. Qışa az qalıb, balı satmalıyıq ki, lazım olan dərmanları alaq. Dağda qış sərt keçir, yollar bağlanır. Ərzaq tədarükü görürük. Məktəbli uşaqlarım üçün paltar, dərs ləvazimatlarını borc edib almışam. Səhərdən bir kiloqram bal satmışam.”
Buna da bax: ‘Xaricdən saxta bal gətirib, doldururlar bazarlara’Astara rayonunun Miki kəndindən olan arıçı Habil İbrahimov da bal yaramarkasının təşkil olunmasını vacib sayır. Amma o, eyni zamanda qeyd edir ki, balı satmaq üçün müştəriləri var:
“Əllərdə çoxlu bal qalıb. Mənim belə problemim yoxdur. Kəndimizdə hər iki nəfərdən biri arı saxlayır. Qazancları da ondandır.”
“Məhsulun yaxşı olması iqlimlə bağlıdır”
O deyir ki, yüzdən çox arı ailəsi saxlayır: "Məhsulun yaxşı olması iqlimlə bağlıdır. Elə il olur ki, 1 tona yaxın bal götürürəm. Mən şəkər vermirəm. Ailəmi balla saxlayıram. İnəyim də var. Ucqar dağ kəndlərində yaşayanlar ballarını sata bilmirlər. Elə kənd var ki, arıçı mərkəzə gəlmək üçün bir gün itirməlidir. O nə satacaq ki, yer pulu versin, yeməyə pul versin. Allaha and olsun ki, arıçıların çoxu bu yarmarkaya bel bağlayır".
Masallı rayonunun Təklə kənd sakini Səmədağa Həmidov da yarmarkanın olmasnı vacib sayır:
“Alıcıları bizdən uzaqlaşdıran səbəblərdən biri də budur”
“Hər kəsə deyirəm ki, arıya şəkər tozu verib, məhsulu elə satırsa düz iş görmür. Alıcıları bizdən uzaqlaşdıran səbəblərdən biri də budur. 40 ildir arıçılıqla məşğul oluram. Masallı Rayon Arıçılıq Assosiasiyasının sədriyəm, heç vaxt arıya şəkər verməmişəm, bunu günah hesab edirəm. Ona görə müştərim çoxdur. Məndə 124 arı ailsəi var. Bu illəri hər arı ailəsindən 4 kiloqram bal götürüdüm. Bu illəri məhsuladarlıq az oldu. Çiçək açılan vaxtı quraqlıq oldu. Masallıda mindən çox arıçı var.”
Astara rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Etibar Abbasov isə bal yarmarksının keçirilməməsini koronavirus pandemiyası ilə əlaqələndirir:
“ Yarmarkanı Azərbaycan Arıçılar Assosiasiyası açır. Bizə müraciət edirlər, hazırlıq görürük. Arıçılar elektron qaydada qeydiyyatdan keçirlər. Onların balı laboratoriyalara verilir, orda yoxlanır .Kimin balı tələblərə cavab veririrsə, yarmarkalara buraxırlar.”
Buna da bax: 30 ton bal yararsız sayılıb“Müraciət etsinlər, pulsuz yer də verirlər”
O, deyir ki,Bakıda kənd təsərrüfatı məhsulların yarmarkaları fəaliyyət göstərir:
“Bakıda altı, bazar günləri yarmarkalar olur. Fermerlər məhsullarını orada sata bilirlər. Nazirlik orada hər şərait yaradıb. Müraciət etsinlər, pulsuz yer də verirlər. Bal yarmarkasını ona görə istəyirlər ki, birdəflik orada 3-4 ton məhsul satırlar. Hər qiymətə bal var. Əsasən bir kiloqramı 20-25 manata satırlar. Çiçəklərə görə balların növləri də müxtəlifdir, qiymətlərində də fərq edir.”
Astara rayonunda 1200 nəfərdən çox arıçı var, onlar 30 mindən çox arı ailəsi saxlayır.
Arıçıların gözlədiyi xəbər
Yazı hazırlanarkən arıçıların gözlədiyi xəbər gəldi. Kənd Təsərrüfatı Nazirliyi bildirdi ki, Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə oktyabrın 20-dən noyabrın 7-nə kimi arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Açıqlamaya görə, yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.
“Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bal istehsalçıları iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər”, məlumatda qeyd edilir…