Arif Hacılının saxlanıb buraxıldığı deyilir

A.Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılının oktyabrın 28-də günorta saatlarında saxlanıldığı bildirilir.

Partiyadan Azadlıq Radiosuna deyilib ki, A.Hacılı öz avtomobili ilə evinin yaxınlığında saxlanılıb: "Arif bəyin yanında həyat yoldaşı olub. O bizə məlumat verib ki, Dövlət Yol Polisinin əməkdaşları Arif bəyə "maşınla qoşa xətti keçmisən" bəhanəsini söyləyiblər. Lakin qoşa xəttin keçilməsi olmayıb. Daha sonra isə onlar başqa polis maşınını çağıraraq Arif bəyi aparıblar".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, A.Hacılının yolda inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunub: "Lakin bundan sonra o, sərbəst buraxılıb. Arif Hacılı polis əməkdaşları tərəfindən saxlanılmayıb".

Xəbər sayta hazırlanarkən Müsavat Partiyasından da bildirilib ki, A.Hacılı sərbəst buraxılıb.