Bloqer Arzu Sayadoğlu həbs olunub

Arzu Sayadoğlu

Bloqer, "Xalqa Xidmət" Hərəkatının rəhbəri Arzu Sayadoğlunun (Məmmədovun) həbs olunduğu bildirilir.

Elektron Məhkəmə Portalında olan məlumata görə, onun barəsində Səbail rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

Bəzi media orqanlarında A.Sayadoğlunun CM-in 182.2.4-cü (Hədə‐qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb olunduğu və barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi xəbəri yayılıb. Amma onun ittiham edildiyi maddəni rəsmi qurumlarla dəqiqləşdirmək, hələlik, mümkün olmayıb.

Bloqerin bir həftədən çoxdur yoxa çıxdığı bildirilirdi. Hüquq müdafiəçiləri deyir ki, o, həbsi ərəfəsində bloqer Tural Sadıqlının canlı efirində hökuməti sərt tənqid edib.

Xatırlatma

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hərçənd, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.