AŞPA qətnaməsinin hansı təsiri olcaq?

AŞPA 30 yanvar 2020

Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.

Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Azərbaycan nümayəndə heyətinin qətnaməyə təklif etdiyi üç düzəlişdən heç biri qəbul edilməyib və sənəd 28 nəfər əleyhinə olmaqla 82 səs ilə qəbul edilib.

Torhild Sunna Evarsdottir, Strasbourg, 30 yanvar 2020

Qətnamədə Azərbaycanda “sistemli xarakter” daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

“İstənilən halda, Azərbaycanda siyasi məhbus təzahürünün real olduğuna şübhə yoxdur”, – sənəddə yazılıb.

“Bu olmayacaq,...”

V çağırış Azərbaycan Milli Məclsinin üzvü Fazil Mustafa “Turan” agentliyinə deyib ki, bu qətnamələrin elə bir qüvvəsi yoxdur:

“ Çünki Avropa Şurası Parlament Assambleyası öz prinsipləri ilə hörmtlə davaranan qurum deyil. Krımın işğalına görə, Rusiyanı AŞPA-dan kənar etdilər, daha sonra yenidən quruma bərpa olunur”

Onun fikrincə, belə qətnamələr Azərbaycana təzyiq üçündür:

“Bu olmayacaq, hansısa bir ekoloji problemi bəhanə edib, Azərbaycan üçün buxova döndərəcəklər”

“Əlbəttə, ölkədə siyasi məhbus anlayışı yoxdur”

Fazil Mustafa

Fazil Mustafa deyib ki, Azərbaycan belə məsələlərə öz prinsipial mövqeyini həmişə nümayiş etdirir:

“Əlbəttə, ölkədə siyasi məhbus anlayışı yoxdur. Avropa Şurası siyasi məhbus olaraq bəzi şəxslərin azadlığını tələb edirdi, onlar da azadlığa buraxılıblar. İndi isə konkret olaraq bu ad altında kimləri nəzərdə tuturlar? Hansısa separatçını, ölkəni parçalamaq istəyən şəxsləri? Bu gülməlidir. Onlar siyasi məhbus yox, separtaçılardır, ölkəni parçalamaq istəyən qüvvələrdir. Bu məsələlər açığı ciddi səslənmir və hesab edirəm ki, bəhanə xarakterli addımlardır”

“Tamamilə xətt çəkdilər”

Sizin brauzer HTML5-i dəstəkləmir

AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul olundu

“Avropa Şurası ilə hər hansı münasibətləri qurarkən milli maraqlar çərçivəsində ciddi düşünmək lazımdır”.

Bunu isə APA agentliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib:

S. Seyidov hesab edib ki, Avropa Şurasında konstruktiv yanaşma, əlaqə qurmaq cəhdləri, normal münasibətin yaradılması istiqamətində aparılan işlərin üstündən tamamilə xətt çəkdiblər:

“Nəticədə təhqirlə, böhtanla, yalanla dolu bir məruzə təklif olundu. Yalnız məruzə yox, AŞPA-nın deputatları tərəfindən məruzəyə təklif olunan əlavələrdə də qeyri-obyektiv, qərəzli yanaşmanı müşahidə etdik. Onların bu yanaşması Azərbaycana qarşı təzyiq vasitəsidir. Bu təzyiq vasitəsi Avropa Şurasının özünə daha çox problemlər yaradır, nəinki Azərbaycana...”

“Hökumət dalana dirənmək üzrədir”

Hüquq müdafiəçisi İntiqam Əliyev isə qətnamənin qəbul edilməsini müsbət sayır və bunu “AŞPA-da 2011-ci ildə Azərbaycanla bağlı siyasi məhbus məsələsində baş verən biabırçılığa son qoyulması” kimi dəyərləndirir.

Onun fikrincə, bu sahədə hökumət dalana dirənmək üzrədir və artıq, deputatların pulla ələ alındığı dövr geridə qalıb.

İntiqam Əliyev, Praqa, 5 mart 2013

İ.Əliyev Azadlıq Radiosuna vurğulayıb ki, sənədə qarşı rəsmi Bakının etirazları belə kütləvi xarakter daşımır, bu həm də hökumətin əvvəlki kimi özünü arxayın hiss edə bilməməsinin göstəricisidir:

“Ona görə, hökumətin problemi tam həll etməsə də, onu yumşaltmaq üçün addımlar atacağı şübhəsizdir. Əvf, məhkəmə qərarları yolu ilə tədricən siyasi məhbusların böyük hissəsinin azadlığa buraxılacağı şübhə doğurmur. Amma ümumən qeyd etdiyim kimi, siyasi məhbus probleminin aradan tamam qalxması mümkünsüzdür”

Hüquq müdafiəçisi deyib ki, Azərbaycanda siyasi məhbus problemi sistem problemidir:

“Hakimiyyət bölgüsü, siyasi plüralizm, müstəqil media, məhkəmələr, vətəndaş cəmiyyəti, azad seçki olmayan ölkədə siyasi məhbuslar həmişə olacaq. Ola bilər nə vaxtsa çoxalsın və ya azalsın, amma olmaması mümkünsüzdür”

Xatırlatma

Hələ, 9 il əvvəl AŞPA-da Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı daha bir məruzə müzakirə edilmişdi. Həmin məruzə lazımı səs toplamamışdı.Ondan sonra Azərbaycan rəsmilərinin bəzi deputatları əla almasına dair iddialar səslənməyə başladı. Amma Azərbaycan rəsmiləri və deputatlar bu iddiaları təkzib ediblər.

Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahı yoxdur.Hüquq müdafiəçilərinin hazırladıqları siyahıda indi təqribən 120 civarında şəxsin adları yer alır.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, həmin siyahıda yer alan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.Ölkə bu quruma üzv olarkən, insan haqları, azd seçkilər və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb.Avropa Şurasının Azərbaycanda monitorinqləri, hələ də davam edir.