Vəkil Asif Yusifli ilə görüşə bilməyib

Asif Yusifli

İyulun 17-də Vəkil Nemət Kərimli müdafiə etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ savaşında əlil olan Asif Yusifli ilə görüşmək istəsə də, bu, mümkün olmayıb.

Bu barədə N.Kərimli özü bildirib.

Vəkil deyib ki, A.Yusifli hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində saxlanır: "İdarəyə gəldim və rəsmi qaydada order təqdim etdim, lakin məni içəri buraxmadılar, dedilər ki, orderi poçtla göndər".

N.Kərimli qeyd edib ki, bu, qanunaziddir və o, Baş Prokurorluğa şikayət edəcək.

Bu deyilənlərə, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Asif Yusifli və başqa cəbhəçilərin saxlandığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlandığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifli uyulun 16-da yaşadığı binanın qarşısında saxlanıb. "Asif bəyi bu gün, iyulun 16-da zəng vuraraq Nərimanov Rayon Polis İdarəsinə çağırıblar. O, evdən çıxarkən saxlanıb və naməlum istiqamətə aparılıb", partiyadan deyiblər.

Partiyanın daha bir üzvü Mətanət Mahmarzayevanın da iyulun 16-da günorta saatlarında polisə aparıldığı bildirilir.

Verilən məlumata görə, hər iki AXCP üzvü iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan ordusuna dəstək yürüşündə iştirak etmişdi. "Lakin onların heç bir qanunsuz əməldə iştirakı olmayıb" - AXCP-dən qeyd ediblər.

Digər bir AXCP üzvü Məhəmməd İmanlının da bu gün, iyulun 16-da saxlandığı açıqlanıb.

Partiyanın daha bir neçə üzvünün də polisə çağırıldığı söylənir.

Bütün bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Asif Yusifli

Qarabağ savaşında əlil olan Asif Yusifli bundan əvvəl də həbsdə olub. O, 2014-cü il noyabrın 25-də həbs edilib, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib və 7 il azadlıqdan məhrum edilib.

2016-cı ilin mayında Ali Məhkəmə Asif Yusiflinin həbs müddətini 1,5 il azaldıb.

Asif Yusifli ittihamı qəbul etməyib və həbsdə saxlanmasını sifariş sayıb.

Buna da bax: Orduya dəstək aksiyasında yaşananlara siyasətçilərin baxışları

Orduya dəstək aksiyası və sonra olanlar

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi:

"Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.