Aslan İsmayılov Fuad Ələsgərova üz tutdu: ‘Bu, prezidentə höhmətsizlikdir’

Aslan İsmayılov

“Fuad müəllim, siz hüquq-mühafizə orqanlarının fəaliyyətinə məsulsunuz, xahiş edirəm, bu sahədə olanları prezidentə çatdırın. Bilsin ki, hansı biabırçılıqlar baş verir. Ölkəni bu qədər gözdən salmaq olmaz...” – hüquqşünas Aslan İsmayılov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

Aslan İsmayılov AzadlıqRadiosu-na bildirib ki, oktyabrın 29-da onun xuliqanlıqda ittiham edilməsi iləbağlı cinayət işinə məhkəmədə baxılarkən baş verənlərdən sonra müraciət etmək qərarına gəlib.

Hüquqşünas 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı iddiası üzrə qərardan narazı qalıb xuliqanlıq etməkdə - qapını çırpıb, divarın suvağını tökməkdə, səs-küy salıb məhkəmənin işini pozmaqda təqsirləndirilir. Bu cinayət işində Aslan İsmayılova qarşı ifadə vermiş əsas şahidlərdən biri məhkəmənin hakimi Rəşad Əliyevdir.

Fuad Ələsgərov

Təqsirləndirilən hüquqşünas bu hakimin indi məhkəmədə dindirilməsini tələb edir. Oktyabrın 29-da məhkəmədə Aslan İsmayılov bu məsələni qaldıranda onun işinə baxan hakim Mirheydər Zeynalov cavab verib ki, Rəşad Əliyev məzuniyyətdə olduğundan onun dindirilməsi mümkün deyil. Ancaq məhkəmə iclası başa çatanda Aslan İsmayılov görüb ki, hakim Rəşad Əliyev başqa bir məhkəmə zalında işə baxır.

“Məhkəmələrin, hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı bu cür davranışı təkcə o insanlara yox, həm də prezidentin özünə qarşı hörmətsizlikdir. Çünki ölkədə vətəndaşların hüquq və azadlıqlarının təminatçısı prezidentdir”, – A.İsmayılov Fuad Ələsgərova müraciətində bildirib.

Təqsirləndirilən hüquqşünasın məhkəməsi noyabrın 5-də davam edəcək.

Xatırlatma

Aslan İsmayılov CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddədə min manatdan 3 min manatadək cərimə, bir ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir və ictimai fəaliyyətinə görə sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işi ilə paralel Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsildi.