AŞPA-nın payız sessiyası başlayır

Foto arxiv

Oktyabrın 8-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayacaq.

AZƏRTAC-ın xəbərinə görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.

Sessiyasının ilk iş günündə Assambleyanın sədri çıxış etməli, Büronun və daimi komitənin hesabatları dinlənməlidir. Eyni zamanda, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verməli, Assambleya üzvlərinin suallarını cavablandırmalıdır.

Sessiya çərçivəsində Tunis Respublikasının xarici işlər naziri Khemaies Jhinaouinin çıxışı da gözlənir. Bundan başqa, Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandırmalıdır.

Sessiyada Parlament Assambleyasının qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr də aparılmalıdır.

Payız sessiyası oktyabrın 12-dək davam edəcək.